23 Sentyabr 2024
Ölkə futbolu

“Klubu “baltalamaq” lazım deyil” – Cabir İbrahimov

“Mətbuatda barəmizdə deyilənlər yanlışdır. Niyə belə nöqsanlara yol verilir? Niyə bu adamlar belə işlər görürlər? “Kəpəz”ə qarşı bu qədər aqressiyanın olmasını başa düşmürəm. Kimsə nəsə bilirsə, məsləhət versin, kömək eləsin. Yoxsa oturub “Kəpəz”ə lağ edirlər, gücsüz sayıllar. Bunlar doğru deyil. “Kəpəz”in gücü də var, işinə çox yaxşı bilən rəhbərliyi də”.

Bu sözləri İdmanxeber.az saytına Gəncə Futbol Akademiyasnın direktor Cabir İbrahimov klub ətrafındakı söz-söhbətlərə münasibət bildirərkən deyib.

O, daha sonra sözlərinə belə davam edib:

“Premyer Liqada çıxış edən 9 klubun hamısının maliyyəsi bizdən 3-4 dəfə çoxdur. Hətta buna rəğmən onların işləri belə tam qaydasında deyil. Biz daha məsuliyyətli çalışırıq, nəinki onlar. Biz bu vəziyyətimizlə rəqiblərə müqavimət göstərə biliriksə, deməli, hamıda problemlər var. Sadəcə, pul bir çox problemin üstünü örtür. “Kəpəz”in üzərinə bu qədər gəlmək lazım deyil. İstər veteranı olsun, istərsə də azarkeşi. Klubun daxilinə bu qədər girmək olmaz. Azarkeş komandanın yaxşı və pis günündə yanında olur. Bizimkilər gəlib ağıl verirlər, nəsə tələb edirlər. İmkan vermək lazımdır ki, burda iş getsin. Bizə dəstək lazımdır. Başqa heç nə, klubu “baltalamaq” lazım deyil. 

Xüsusilə də veteranlar. Danışırlar, tələb edirlər. Amma ortada heç nə yoxdur. Elə boş-boşuna deyirlər ki, İlqar Nadiri getsin. Belə danışıb komandanı ruhdan salanda nə olacaq? İlqar getsə, yerinə kim gələcək? O, hələ cavandır, dəstək olmaq lazımdır. Bizə kömək etmək əvəzinə ancaq neqativ danışırlar. Guya belə danışanda “Kəpəz”in güzaranı dəyişəcək? Klubun yaxşılığı üçün kömək etməyə, faydalı olmağa çalışmalıyıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43