Bakıda səfərdə olan FIFA-nın Hakimlər Komitəsinin sədri Pyerluici Kollina AFFA-nın baş katibi Sərxan Hacıyev və Hakimlər Komitəsinin sədri Barış Şimşəklə görüşüb.
İdmanxeber.az-ın məlumata görə, görüş Bakı Olimpiya Stadionunda keçirilib.
Söhbət zamanı futbol hakimliyinin inkişafı ilə bağlı müzakirə və fikir mübadiləsi aparılıb.
Həmçinin, Kollina ilə Premyer Liqa oyunlarına təyinat alan hakimlərin görüşü də təşkil olunub. FIFA-nın Hakimlər Komitəsinin sədri azərbaycanlı referilərə müvafiq tövsiyələrini verib.
Qeyd edək ki, bu il fevralın 28-də AFFA-nın prezidenti Rövnəq Abdullayev və FIFA-nın prezidenti Canni İnfantino arasında keçirilən görüş zamanı Pyerluici Kollinanın Azərbaycan hakimləri ilə görüşü müzakirə olunmuşdu.