Kateqoriyasız

“Komanda olaraq düşdüyümüz vəziyyəti anlayırıq” – “Neftçi”nin qapıçısı

“Neftçi”nin qapıçısı Rza Cəfərovun İdmanxeber.az saytına müsahibəsi

-“Neftçi”nin heyətində debüt etdin. Bu haqda fikirlərin…

-Hər futbolçu kimi mən də əziyyətimin bəhrəsini gördüyüm üçün xoşbəxtəm. Daha çox şans qazanmaq üçün əlimdən gələnin artığını edəcəm.

-İlk oyununu necə şərh edərdin? Baş məşqçi çıxışından razı qaldı?

-Oynamağım baxımından mənim üçün sevindirici oldu. Komandanın qalib gəlməsini çox istəyərdim. Təəssüf ki, alınmadı. Daha yaxşısını etməliyik. Məşqçilər heyəti də, futbolçular da mənə dəstək oldular. Matçın ardından Regekamfla qısa dialoqumuz oldu. Ümumi oyun barədə fikirlərini bildirdi. Bəzi çatışmayan cəhətlərlə yanaşı, mənə oyunumun müsbət tərəflərindən də danışdı. Hamıdan xoş sözlər eşitdim. Hər birinə təşəkkür edirəm. Bundan sonra daha çox çalışmalıyam. Növbəti görüşlərdə də şans qazanmağım özümdən asılıdır. Məşqlərdə daha çox çalışmalıyam, mənə olan güvəni boşa çıxarmamalıyam.

-Bu xal itkisindən sonra “Neftçi”nin çempionluğunun getdiyi ilə barışdığını demək olar?

-Xeyr, “Neftçi” çempionluqdan başqa heç nə düşünə bilməz. Bunu futbolçular da yaxşı anlayırlar. Hələ qarşıda çox oyunlar var. Qələbələr qazanaraq vəziyyəti düzəldə bilərik. Hər şey özümüzdən asılıdır. Komanda olaraq düşdüyümüz vəziyyəti anlayırıq. Futbolda mümkünsüz heç nə yoxdur. Azarkeşlərimiz dəstəyi ilə də çalışıb bu durumdan çıxmalıyıq. Hazırkı xal fərqi çempionluq şansımızın az olduğunu göstərir. Ancaq bu yalnız kağız üzərində belədir. Bundan sonra daha fərqli çıxış edib, rəqiblərimizi məğlub edərək vəziyyəti dəyişə bilərik.

-Növbəti turda “Qəbələ” ilə oynayacaqsınız. Bu görüş barədə nə deyə bilərsən?

-“Sumqayıt” matçının ardından bu oyuna hazırlaşmaq çətin kimi görünə bilər. Ancaq bu görüşün ardından məşqçilər heyəti bizimlə söhbət etdi. Sumqayıtdakı matçı birlikdə təhlil etdik, səhvlərimiz bildirildi. Hamısından nəticə çıxarmalıyıq. “Qəbələ” görüşü bizim üçün çıxış olmalıdır. Evdə azarkeşlərimizin önündə meydandan yalnız qələbə ilə ayrılmalıyıq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43