Kateqoriyasız

“Komandada hər şeyə mən qərar verirəm” – De Byazi

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi UEFA Millətlər Liqasında Kiprlə matçdan (0:0) təşkil edilən mətbuat konfransında fikirlərini bildirib.

O, komandasının iki xal itirdiyini söyləyib:

“Qalib gəlməli olduğumuz oyun idi. İlk hissədə çoxlu imkanlarımız oldu, ancaq istifadə edə bilmədik. Fasilədən sonra da yaratdığımız imkanları dəyərləndirə bilmədik. Təbii ki, qol vurmadan qalib gəlmək olmur. Futbolçular meydanda ürəklərini qoydular. Qrupdakı son şansımızdan istifadə etmək istəyirdik. Təəssüf ki, alınmadı. Bu oyunda iki xal itirdik, nəinki 1 xal qazandıq. İlk hissədə hesab 3:0 ola bilərdi. Dediyim kimi, şanslardan istifadə edə bilmədik”.

İtaliyalı mütəxəssis müdafiədə səhv etməmək üçün hücumameylli futbol oynadıqlarını deyib:

“Oyuna yaxşı köklənmişdik. Qalib gələcəyimizə inanırdıq. Qalib gəlsəydik, komandadakı əhval-ruhiyyə müsbət mənada dəyişə bilərdi. Müdafiədə səhv etməmək üçün çalışdıq hücumameylli futbol oynayaq, müdafiədən tez hücumlar təşkil edək”.

De Byazi təyin edilən penaltini niyə məhz Qara Qarayevin yerinə yetirməsini belə izah edib:

“Komandada hər şeyə mən qərar verirəm. Penalti epizoduna gəlincə, Qaranın vurmasını mən istədim. Komandamızın kapitanıdır. İstədik ki, bu çətin vəziyyətdə penaltini o yerinə yetirsin”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43