“Komanda Bakıda 3 məşq keçəcək. Bu da daha çox taktiki planda olacaq və standart vəziyyətlərin yerinə yetirilməsi üzərində işləyəcəyik”.
İdmanxeber.az xəbər verir ki, bu sözləri futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Vitali Borisov səfərdə Bosniya və Herseqovina yığmasına qarşı keçirəcəkləri yoldaşlıq oyunları barədə danışarkən deyib.
Mütəxəssis səfərə tam heyətlə yollana bilməyəcəklərini söyləyib: “Bilirsiniz ki, qapıçımız Rövşən Hüseynli karyerasını Qazaxıstanda davam etdirir. Düşündük ki, klubunda qalsın və çempionat oyunlarında iştirak etsin. Çünki Qazaxıstan çempionatının oyunları davam edir. Eləcə də zədə və digər səbəblərdən bu toplanışa qatılmayan futzalçılarımız var. Ümumi götürdükdə, komandada vəziyyət yaxşıdır, uşaqlar istəklidirlər. Artıq Azərbaycan çempionatı da start götürüb və 3 tur oynanılıb. Bu da futzalçıların oyun təcrübəsi qazanması, milliyə daha hazırlıqlı gəlməsi baxımından önəmlidir”.
V.Borisovun sözlərinə görə, hər iki yoldaşlıq oyunu İsveçlə dekabrın 17-də Bakıda keçiriləcək rəsmi matça hazırlıq xarakteri daşıyır: “Rəqibimiz yaxşı komandadır. “Araz-Naxçıvan”la UEFA Çempionlar Liqasının ilkin mərhələsində İsveç çempionuna qarşı oynamışıq. Həmin heyətdə millinin 5-6 futzalçısı yer almışdı. Demək olar, son 5-6 ildə eyni heyətlə çıxış edirlər. Bizi çətin qarşılaşma gözləyir”.
Qeyd edək ki, noyabrın 3-dən 6-dək Bosniya və Herseqovinada təlim-məşq toplanışında olacaq milli komanda ayın 4-5-də bu ölkənin yığması ilə 2 yoldaşlıq oyunu keçirəcək. Komanda oktyabrın 31-dən noyabrın 2-dək isə Bakıda məşq edəcək.