Azərbaycan futzal millisini baş məşqçisi Vitali Borisov Avropa çempionatının əsas mərhələsi çərçivəsində Xorvatiyaya uduzduqları (2:9) oyunu şərh edib.
İdmanxeber.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, mütəxəssis matçı belə dəyərləndirib:
“Komandalar arasında səviyyə fərqi açıq seçilirdi. 9 qoldan 6-nı səhvlərimizdən buraxdıq. Çox yüngül səhvlərə yol verdik, əvəzində 6-7 qol epizodundan 2-ni reallaşdıra bildik. Bu cür oyunlarda ələ düşən hər fürsəti dəyərləndirməlisən.
İlk dəqiqələrdən “5-in 4-də” oynamaqla sürəti aşağı salmağa, bununla həm də gücümüzə qənaət etməyə çalışdıq. Çünki fevralın 4-də Bakıda Yunanıstanla oyunumuz var. Həmin matç qrup mərhələsini yuxarı pillələrdə başa vurmaq baxımından əhəmiyyətlidir.
Uşaqlara elə də çox iradım yoxdur. Bacardıqları qədər mübarizə apardılar. Bu görüşü unutmalı, qeyd etdiyim kimi, Yunanıstanla matça diqqət yetirməliyik. Bakıda qələbə qazanıb azarkeşlərimizi sevindirmək istəyirik. Həmin oyun həm də qrupda ikinci yeri tutmaq baxımından son şansımız olacaq”.