26 Dekabr 2024
Kateqoriyasız

“Komandama inanıram” – Qurban Qurbanov

Konfrans Liqasının qrup mərhələsinin I turunda keçirilən “Qarabağ” – “Bazel” (0:0) oyunundan sonra təşkil edilən mətbuat konfransında Azərbaycan təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

O, əvvəlcə matç barədə fikirlərini bildirdi…

– Azarkeşlərimizə ürəkdən təşəkkür edirəm. Çox möhtəşəm ab-hava var idi. Çatışmayan sadəcə bir qol oldu. Çox dinamik, sürətli komandaya qaşrı oynayırdıq. Müdafiədə az olmağa, rəqib zonada oynamağa çalışdıq. İlk hissənin 10 dəqiqəsi düşündüyümüz kimi alınmadı. Oyunun gedişatında dərhal bəzi dəyişikliklər etdik. Rəqibə istədiyi oyunu göstərmək imkanı vermədik. Futbolçularıma təşəkkür edirəm. Qarşıda daha yaxşı olacağıq. Buna borcluyuq. Bu turnirdə uğur istəyiriksə, hər bir futbolçumuz üzərində daha çox işləməli, daha çox çalışmalıdı. Qalib gəlməyi çox istəyirdik. Qarşıdakı oyunlarda daha yaxşı nəticə əldə etmək potensialımız var.

– Oyunun sonlarında komandada yorğunluq görünürdü. Rəqib 5 əvəzetmədən istifadə etsə də, siz yalnız 2 dəyişikliyə əl atdız…
– Düzü, yorğunluq hiss etmədim. Buna görə də çox dəyişikliyə əl atmadım. Qol epizodlarımız daha çox oldu. Sadəcə, rəqib son dəqiqələrdə cərimə zərbəsi qazandı. Futbolçular sona kimi tempi qorudular. Oyun məni qane edirdi. Buna görə dəyişikliyə risk etmədim ki, birdən nəsə alınmaz. Çünki futbolçular bir-birlərini çox yaxşı anlayırdılar.

– Qol üçün nə çatmadı?
– Belə oyunlarda həddən qol vurmağı həddən artıq çox istəyirik. Rəqib də yaxşı müdafiə olunurdu. Bəzən qapıçının yaxşı oyunu, bəzən cüzi qeyri-dəqiqlik oldu. Nəyinsə çatışmadığını desəm, düzgün olmaz. Rəqib cərimə meydanında çoxluq təşkil etmək, topu ora düşünülmüş hücumla aparmaq çox vacib idi. Bu suala konkret cavab verə bilməyəcəm. Qarşədakı oyunlarda bunun əvəzini çıxacağımızı düşünürəm.

– Sanki bir hücumçu çatışmır. Yeni transfer barədə düşünürsüzmü?
– Mənə ən çox verilən sual budu. Hamımız hər oyundan sonra bunu soruşuruq. Rəqib müdafiədə ən diqqətli hücumçulara qarşı olur. Təbii ki, “Neftçi” ilə oyunumuzu izləmişdilər. Buna görə də İbrahima Vadjiyə çox yaxın oynayırdılar. Hücumçu ilə bağlı mütləq qol vurmalıdı düşüncəm olmayıb. Zubir, Kadi kimi oyunçularımız bombardir olsa, buna təəccüblənməyin. Hamısından qol gözləyirəm. Müdafiə olunan komanda sırf hücumçuya az boşluq verir. Transfer pəncərəsi bağlanıb. Hücumçu dəvət etmək fikrimiz yoxdu. Minimum yanvara kimi gözləyəcəyik. Belə, hər mövqeyə oyunçu götürmək istəyirik.

– Qrupun ən güclü komandasına qarşı xeyli qol epizodları yaratdız. Bu matçdan sonra qrupdan çıxmaq şanslarını necə dəyərləndirirsiz?
– Hər turnirdə maksimum nəticə qazanmaq istəyirik. Bütün oyunlara var-gücümüzlə hazırlaşırıq. Futbol bütün ölkələrdə inkişaf edib. Güclü ilə zəif arasında elə də fərq hiss olunmur. Bizə qarşı hər bir komanda çox ciddi hazırlaşır. O cümlədən biz də onlara qarşı. Komandalar arasında böyük fərq olduğunu deməzdim. Komanda olaraq qarşımıza məsqəd qoymuşuq ki, əlimizdə olan şansdan maksimum istifadə edək. Rəqiblərimizin oyununu analiz edəcəyik. İnşallah, çalışacağıq ki, sona kimi mübarizə aparıb, ən yaxşı nəticəni əldə edək. Komandama inanıram. Qarşıdakı oyunlarda daha yaxşı nəticə əldə edə bilərik.

– Bu komandanı Çempionlar Liqası qrupundan sonrakı ən yaxşı hesab etmək olarmı?
– Bir qədər fərqlər var. Hər dövrün öz kollektivi olur. Həmişə futbolçularımdan razılığımı bildirmişəm. İndi ola bilər ki, ustalıq səviyyəsi bəzi oyunçularda aşağıdı, ancaq ümumən daha istəkliyik. Son illərdə böyük dəyişikliklər olub. Daha yaxşı nəticələr əldə edə bilərik. istəməzdim ki, hansısa ilin futbolçularını bir-biri ilə müqayisə edim. Hər biri komanda üçün özünü yaxşı tərəfdən göstərmək üçün maksimum çalışıb.

– Ramil Şeydayevin qaçırdığı qol epizodunda nə hisslər keçirdiz?
– Siz nə hisslər keçirdizsə, mən də onları. Ramilə görə heyfsiləndim. Çox işgüzar, əziyyət çəkən futbolçudu. Bu qol onu daha inamlı edə bilərdi. Məncə, bu epizod ona öz üzərində daha çox işləmək üçün motivasiya verdi. Qol vursa, bəlkə, komandadan çox Ramil üçün sevinərdim. Ona inanıram, güvənirəm.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43