“Belə oyun haqda danışmağa çox söz olmur. Elə səhvlər etdik ki, bunu şərh etmək olmur. Oyunu rəqibə hədiyyə etdik”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının XV turunda doğma meydanda “Səbail”ə böyük hesabla (0:3) məğlub olduqları matçı dəyərləndirərkən deyib.
Təcrübəli çalışdırıcı komandasının oyunundan razı qalmadığını bildirib: “Belə səhvlər edəcəyimizi gözləmirdim. Slavik Alxasovun və Nikola Mitroviçin olmaması oyuna öz təsirini göstərdi. Komandamızdan əsər-əlamət yox idi. Futbolda belə hallar olur. İlk oyunda olması daha yaxşı oldu, nəinki son matçda baş vermədi. Oyundan-oyuna yaxşı çıxış etməyə çalışacağıq”.
– Kamran Ağayevə nə olmuşdu?
– Futbolçuların böyük səhvi olur, heç kim bundan sığortalanmayıb. İlk oyunda həyəcan ola bilər.
– Turnir cədvəlində sizdən aşağı pillədə qərarlaşan “Zirə”nin məğlub olmasının hər hansı təsiri ola bilərmi?
– “Zirə”nin məğlub olmasını sizdən eşidirəm. Heç vaxt rəqiblərin oyunları haqda maraqlanmırıq. Bununla bağlı qadağa qoymuşam ki, futbolçulara deyilməsin.