AZAL heyətinə daha bir futbolçu qatıb. Klub hücumçu problemini həll etmək məqsədilə Freddi Mombonqo-Dues ilə anlaşıb.
İdmanxeber.com-un məlumatına görə, Konqo Demokratik Respublikasının vətəndaşı ilə 2 illik müddətə anlaşma əldə olunub.
Freddi Konqo DR-in paytaxtı Kinşasada doğulsa da, peşəkar futbolçu karyerası Belçika ilə bağlı olub. 2007-ci ildən Belçikada oynamış forvard peşəkar karyerasına bu ölkənin “Standard” klubunda başlayıb. Cəmi bir mövsüm burada oynayan Freddi 4 oyunda meydana çıxıb və fərqlənə bilməyib. Sonra Belçikanın ikinci dəstə təmsilçisi “Eupen”ə gedən 28 yaşlı futbolçu bu klubda 77 matçda forma geyinib və 30 qola imza atıb.
2011-ci ildə yenə ikinci liqada oynayan “Mons”a transfer olunan afrikalı cəmi 13 oyunda meydana çıxıb və rəqib qapılarına yola tapa bilməyib. 2012-ci ildən “Antverpen”in heyətində topa qovan hücumçu 37 oyunda 13 qol vurmağı bacarıb.
Qeyd edək ki, o, AZAL-ın yay “transfer pəncərəsi”ndə heyətinə qatdığı 11-ci futbolçu oldu. Daha öncə Asif Mirili, Stanislav Namaşko, Luis Ramos, Tomi Kostadinov, Con Enrike Kordoba və Eduardo da Konseysao Masiel ilə 2 illik müqavilə bağlamış, Novruz Məmmədov və Orxan Lalayevi “Rəvan”dan, Eltun Yaqublu ilə Təmkin Xəlilzadəni isə “Qarabağ”dan icarəyə götürülüb.