Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Azərbaycan Kubokunun sahibi “Neftçi”ylə qarşılaşacaq Sloveniyanın “Koper” klubunun baş məşqçisi Rodolfo Vanoli paytaxt komandasına qarşı keçirəcəkləri ilk oyunla bağlı fikirlərini açıqlayıb.
İdmanxeber.com-un məlumatına görə, təcrübəli mütəxəssis bunları deyib:
“Neftçi”nin yoxlama görüşündə Drezden “Dinamo”suna (Almaniya) məğlub olduğu oyunu izləmişəm. Sondakı penalti dəqiq yerinə yetirilsəydi, vəziyyət başqa cür ola bilərdi. Rəqibin 8-9 yaxşı legioneri var. Xüsusilə də braziliyalılar. Qapıçıları Saşa Stamenkoviç də çıxışı ilə fərqlənir. Təbii ki, rəqibin daha çox oyununu izləməklə onu daha yaxşı analiz etmək olar. Hazırda bizdə olan rəqiblə bağlı ilkin təsəvvürdü. Kapitanları Flavinyo başda olmaqla rəqib, həqiqətən də, fərdi keyfiyyətləri ilə seçilən futbolçulardan ibarətdi. Onu da qeyd edim ki, rəqib əsasən sol cinahdan təhlükəli hücumlar qurur. Onların rahat oynamasına imkan verməməliyik. Əks-təqdirdə, bu bizə baha başa gələcək”.