Ölkə futbolu

“Kuboku qazansaq belə, əsas hədəf Premyer Liqada qalmaqdır”

“Bu oyun  yarımfinal mərhələsinin ilk qarşılaşması olsa da, biz final kimi baxmalıyıq. Çünki çempionatda yer tutmaq şansımız yoxdur. Ona görə də əlimizdən gələni edib kuboku qazanmaq istəyirik”.

Bu sözləri İdmanxeber.az saytına “Qəbələ”nin futbolçusu İlkin Qırtımov ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində qarşılaşacaqları “Zirə” görüşü barədə danışarkən deyib. O, cari mövsüm komandanın bu cür çıxış etməsini belə şərh edib:

“Kuboku qazansaq belə, əsas hədəf Premyer Liqada qalmaqdır. Çox təəssüf ki, bu mövsüm belə çıxış etdik. Bunun bir çox səbəbləri var. Ancaq indi günahkar axtaran vaxt deyil. “Qəbələ”nin bu durumda olmasına ən böyük səbəb özümüzük.

Ümid edirəm ki, komanda Premyer Liqadan getməz. Bu, futbolumuz üçün böyük zərbə olar. Çünki “Qəbələ” kimi klublar elitadan gedəndən sonra çempionatın səviyyəsi çox aşağı düşür. “Xəzər Lənkəran”, “Bakı”, “Zaqatala” kimi komandalar Premyer Liqanı tərk edəndə bunu görmüşdük”.

Təcrübəli müdafiəçi “Qəbələ” I Liqaya düşsə, komandada qalıb-qalmayacağı barədəki suala belə cavab verdi:

“Açığı, ayrılıb-ayrılmayacağım bilinmir. Hələ “Qəbələ”dəyəm və sona qədər mübarizə aparacam. Komandada hər kəs bu fikirdədir”.

Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43