28 Fevral 2024
Müsahibə

Lənkəran səfəri öncəsi həmvətəninə “qarğış” etdi: “İnşallah bizdən də belə qollar buraxarlar” – MÜSAHİBƏ

“Rəvan”ın baş məşqçisi Güvənç Kurtar idmanxeber.com saytına müsahibəsində heç-heçə oynadıqları AZAL-la oyundan, çempionatdakı şanslarından və qarşıdan gələn çətin Lənkəran səfərindən danışıb.

– Turnir cədvəlinin son pilləsində qərarlaşmısız. Xallar və turlar gedir…

Hələ qarşıda 4 tur var. Bir qələbə qazansaq çatarıq “Sumqayıt”a. “Neftçi” onlara 6 xal verdi. Nə bilim… Çatacayıq onlara. Buna inanıram.

– “Neftçi” 6 xal verdi, yoxsa “Sumqayıt” aldı?

Fərqi nədi ki? “Sumqayıt” qazandı. Onların sürətli futbolçuları var, yaxşı komandadır. Amma etiraf edim ki, “Neftçi” “Sumqayıt”ı çox sıxmadı. İlk oyunda da əksik heyətlə mübarizə aparıb, səfərdə 0:2 hesabı ilə məğlub olmuşdular. Bunlar bizim üçün bəhanə deyil.

– AFFA-nın “Sumqayıt”ı Premyer Liqada saxlamaq istədiyini bilməyən adam yoxdu. Belə olan halda “Rəvan”ın boş yerə xal qazanıb, mübarizə aparmasının nə anlamı qalır?

“Sumqayıt” qalsın, orada gənc futbolçular var. Oynaya-oynaya formaya gələcəklər. Bu həm də Azərbaycan futboluna xeyir vermək deməkdi. Milli komanda üçün yaxşı futbolçular hazırlamaq olar. Hələ qarşıda 4 oyun var. Baxarıq, görək sonu nə olur.

– “Rəvan” üçün qarşıdan gələn turlara baxdıqda ən münasib və  3 xal götürüləsi rəqib AZAL idi. Ancaq qolsuz heç-heçə ilə 1 xal qazndınız.

İndi epizodlara bir də burdan baxıram, yaxşı imkanlarımız da olub. Qalib gələ bilərdik, amma alınmadı.

– Bu həftə Lənkərana gedirsiz. Çətin səfərdə xal qazanmaq şanslarınızı necə dəyərləndirirsiz?

Mustafa Dənizlinin komandası gördüyüm ən yaxşı komandalardan biridi. Ancaq boş-boşuna qollar görür qapısında. İnşallah bizdən də belə qollar buraxacaqlar. “Xəzər Lənkəran”, “Neftçi”, “Qarabağ” və “İnter” məncə bu çempionatın ən yaxşı komandalarıdı.

– Mustafa Dənizli və Güvənç Kurtar ilk duellosunu Bakıda siz qazanmışdınız. İndi isə növbə Dənizlidədi. Siz nə düşünürsüz?

Lənkərana qələbə dalınca gedirik. Onların heyəti çox güclüdür. Ancaq yenə də Lənkərandan xal çıxartmağa çalışacağıq. Görək nə olur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43