Layihə

Liderlər xal itirdi, autsayderlərdən əzmkarlıq (LAYİHƏ)

Azərbaycan Premyer Liqasının 23-cü turuna yekun vuruldu.

2 gün ərzində keçirilən 4 matçda qapılara ümumilikdə 6 qol vuruldu ki, bu da ötən turla müqayisədə daha çox oldu. Keçirilən qarşılaşmalarda hakimlər 1-i “qırmızı” olmaqla ümumilikdə 17 dəfə futbolçuları cəzalandırdı.

“Kəpəz”in ardıcıl 2-ci qələbəsi

3-cü dövrəni qələbəsiz başa vuran “Kəpəz” yavaş-yavaş turnir cədvəlinin sonuncu pillələrinə doğru irəliləyirdi. Şahin Diniyevin komandası 4-cü dövrənin ilk turunda doğma meydanda “Zirə”ni məğlub edərək aktivinə 3 xal yaza bilmişdi.

Komanda 23-cü turda “Sumqayıt”ı qəbul etdi. Ev oyunlarında həm azarkeş, həm də ot örtüyü baxımından hər zaman avantajlı olan “sarı-göylər” bu matçda da qələbə üçün çıxırdılar. “Sumqayıt”la aralarındakı xal fərqini azaltmaq baxımından əlinə yaxşı fürsət düşən Gəncə təmsilçisi bu şansı qaçırmaq niyyətində deyildi.

Matç “Kəpəz”in hücumları ilə başladı. Rəqibi öz qapısı ağzına sıxışdıran gəncəlilər ilk qol şansını 3-cü dəqiqədə yaratdı. Renan Alveşin başla endirdiyi zərbə qapı tirinə tuş gəldi. Bundan sonra nisbətən özünə gəlməyi bacaran “kimyaçılar” rəqib qapısı qarşısında təhlükəli vəziyyətlər yarada bilirdi. Lakin bu zərbələrin heç biri qola çevrilə bilmədi. Nəticədə, rəqibini əks-hücumda yaxalayan “Kəpəz” hesabı açmağa müvəffəq oldu. Belə ki, matçın 45-ci dəqiqəsində sürətli əks hücuma çıxan “sarı-göylər” Dario Federikonun sayəsində qələbə gətirən qolu vurmağı bacardı. Beləliklə, “Kəpəz” fasiləyə qalib yollandı.

Matçın ikinci hissəsi də qarşılıqlı hücumlar şəraitində keçdi. Hər iki komandanın qol vurmaq üçün şansları olsa da, bundan yararlana bilmədilər. Bununla da, “Kəpəz” 7200 azarkeşinin izlədiyi matçda ardıcıl 2-ci qələbəsini qazanaraq xallarının sayını 24-ə yüksəltdi və “Sumqayıt”la aralarındakı xal fərqini 1-ə endirdi.

Yubiley günündə qazanılan qələbə

Turun növbəti oyununda isə paytaxt derbisi baş tutdu. “Neftçi” və “İnter” arasında keçirilən görüş saat 19:37-də başladı. Matçın belə bir vaxtda başlamasına səbəb isə “ağ-qaralar”ın 1937-ci ildə yaranması idi.

4-cü dövrəyə qələbə ilə başlayan Elxan Abdullayevin komandası 22-ci turda “Qəbələ” üzərində qələbə qazanaraq sözünü deməyi bacarmışdı. Fasilədən sonra oyun üslubunu xeyi dəyişən flaqman istənilən rəqibə ciddi müqavimət göstərməyi bacarırdı. Son iki qarşılaşmalarında “İnter”i 2:1 və 3:1 hesabı ilə məğlub edən “ağ-qaralar” bu matçda qələbə qazanmağa məcbur idi. Çünki qalib gələcəkləri təqdirdə, komanda 7-ci pillədən 5-ci yerə yüksələcəkdi.

Saat 19:37-də start götürən matç ev sahibi komandanın hücumları ilə başladı. İlk dəqiqələrdən rəqib qapısı qarşısında təhlükəli epizodlar yaradan “Neftçi” istəyinə nail ola bilmirdi. İlk hissənin ortalarında ardıcıl iki təhlükəli vəziyyət yaradan “İnter” futbolçuları bu şanslarından yararlana bilmədilər. Nəticədə, matçın 42-ci dəqiqəsində “bankirlər” qapısında qol gördü. “Neftçi”nin 9 nömrəli futbolçusu Huqo Barqas Orxan Sadıqlını məyus edərək komandasını hesabda önə çıxardı. Fasilədən sonra da daha üstün oyun nümayiş etdirən E.Abdullayevin komandası rəqibi 70-ci dəqiqədə növbəti dəfə mərkəsə dəvət etdi. Rəhman Hacıyev “Neftçi”nin ikinci qolunun müəllifi oldu. “Bankirlər”in bu qola cavabı özünü çox gözlətmədi. Belə ki, 71-ci dəqiqədə sürətli hücuma çıxan “İnter” Nizami Hacıyevin dəqiq zərbəsi ilə buraxılan qollardan birin əvəzini çıxa bildi. Matçın qalan vaxtı ərzində “İnter” bərabərlik qolunu vurmağa çalışsa da, buna nail ola bilmədi. Beləliklə, “Neftçi” 4-cü dövrədə 2-ci qələbəsini qazanaraq, turnir cədvəlinin 5-ci pilləsinə yüksəldi. Komanda ən yaxın izləyici olan “Sumqayıt”ı 1 xal qabaqladığı halda, 4-cü pillədə qərarlaşan “Zirə”dən 4 xal geri qalır. “İnter” isə 39 xalla 3-ci pillədə qərarlaşıb.

“Qəbələ” Şüvəlanda büdrədi

Çempionluğa oynayan və turir cədvəlinin ilk pillələrində qərarlaşan “Qəbələ” 23-cü tur çərçivəsində AZAL-ın qonağı oludu. Əyalət təmsilçisi matçın favoriti olsa da, meydanda gözlənilənlərin əksi baş verdi. Komandaların cari mövsümdəki duellərinin hər üçündə “Qəbələ” qalib gəlmişdi. Bu oyunlarda rəqib qapılarına 5 qol vuran əyalət təmsilçi yalnız bir dəfə qapısını toxunulmaz saxlaya bilməmişdi. Autsayderlər sırasında qərarlaşan AZAL isə son turlar istənilən rəqibə başağrı yarada bilir.

Martın 19-da keçirilən görüş saat 15:30-da start götürdü. Matç gözlənildiyi kimi “Qəbələ”nin hücumları ilə başladı. Rəqibini təzyiq altında saxlayan “qırmızı-qaralar” istədiyinə nail ola bilmirdi. “Qəbələ”nin fərqlənməsinə ya Aqil Məmmədov, ya da bəxt imkan vermirdi. AZAL isə 90 dəqiqə müdafiə olunmaq niyyətində deyildi. Komanda ara-sıra hücumlar təşkil etsə də son nöqtəni qoya bilmirdi. “Təyyarəçilər”in ən yaxşılarından olan Sadio Tounkara matçın 27-ci dəqiqəsində qola yaxın olsa da, “Qəbələ”nin qolkiperi Dmitri Bezotosnı buna imkan vermədi. Beləliklə, matçın ilk hissəsi qolsuz bərabərliklə başa çatdı. İkinci hissəyə daha aktiv başlayan  “qırmızı-qarala” istədiyi qolu 52-ci dəqiqədə vura bildi. Komandanın 88 nömrəli müdafiəçisi Tellur Mütəllimov fərqlənərək hesabı açdı. Qoldan sonra “Qəbələ”nin əlinə bir neçə dəfə də fərqlənmək şansı düşsə də, komanda bundan yararlana bilmədi. Nəticədə, görüşün son dəqiqələrində qələbəni əldən verdi. Belə ki, matçın 90-cı dəqiqəsində meydana sonradan daxil olan Nuqzar Kvirtiya komandasına 1 xalı qazandıran qolu vurdu. Bununla da, “Qəbələ” bu matçdan 1 xal qazanaraq  hesabındakı xal sayını 47-ə yüksəltdi. AZAL isə 10 xalla turnir cədvəlinin son pilləsindəki yerində qaldı.

“Zirə” liderə “yetər!” dedi

Turun maraqla gözlənilən matçından biri Zirədə baş tutdu. Burada yerli “Zirə” klubu son çempion “Qarabağ”ı qəbu edirdi. Görüşü maraqlı edən məqamlardan biri isə son oyunlardan sonra yaranan söz-söhbətlər idi. Belə ki, bir çoxları “Zirə” və “Qarabağ”ın yaxın, “qardaş” komanda olduğunu söyləyərək, “qartallar”ın Ağdam klubuna  xal verdiyini bildirirdilər. Bütün bu söz-söhbətlərə son qoymaq üçün “Zirə” bu matçda xal və ya xallar qazanmağa məcbur idi. “Qarabağ” isə bu matça söz-söhbətə fikir verməməli və qalib gəlib “Qəbələ” ilə xal fərqini artırmalı idi.

Maraqla gözlənilən matçın start fiti saat 18:30-da Ramil Diniyev tərəfindən səsləndirildi. Matç gözlənildiyi kimi “Qarabağ”ın hücumları ilə başladı. Elə ilk təhlükəli vəziyyəti də Ağdam klubunun futbolçuları yaratdı. Görüşün 8-ci dəqiqəsində Dino Ndlovunun qapı qarşısına ötürdüyü topa Migel Madera yetişə bilmədi. “Zirə”nin buna cavabı isə 12-ci dəqiqədə gəldi. Sanqar Amadunun qapıya doğru zərbəsi çərçivədən azca aralı keçdi. İlk hissə qarşılıqlı hücumlar və qol epizodları şəraitində keçsə də, hesab açılmadı.

Görüşün ikinci hissəsi isə daha gərgin keçdi. İstədiyinə nail ola bilməyən futbolçuların əsəbləri artıq tarıma çəkilmişdi. Bu səbəbdən “Zirə”nin futbolçusu Akim Latifu ilə “Qarabağ”ın müdafiəçisi Ansi Aqolli arasında görüşün 65-ci dəqiqəsində gərginlik yaşandı. Bu gərginliyin sonunda isə “Zirə” azlıqda qaldı. Görüşün baş hakimi Ramil Diniyev A.Latifuyu qırmızı vərəqə ilə cəzalandıraraq meydandan qovdu. Azlıqda qalmasına baxmayaraq “Zirə” daha yaxşı oyun sərgiləməyə başladı. Komanda “Qrabağ”ın güclü hücumlarını çətinliklə də olsa sonacan qoruya bildi. Beləliklə, gərgin keçən matç 0:0 hesablı bərabərliklə başa çatdı. Bununla da, “Qarabağ” aktivindəki xal sayını 49-a yüksəldərək ilk pillədəki yerini qorudu. “Zirə” isə 30 xalla turnir cədvəlinin 4-cü pilləsindəki yerini möhkəmləndirdi.

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43