Dünyanın heç bir çempionatında ölkəyə gətirilən bütün legionerlər yüksək səviyyəli olmur. Hətta Avropanın aparıcı liqalarında belə saysız uğursuz transferlər var. Milyonlarla təzminat ödənilən futbolçular mövsümü 1-2 oyunla tamamlayır, tamamən fiasko olur. Amma buna rəğmən, çempionata gətirilən legionerlərə limit qoyulması danışılmır, müzakirə edilmir.
Bu geridə qalmış, illərdi heç bir fayda verməyən sistem yalnız Azərbaycan üçün vazkeçilməz olub. Hər dəfə legioner limitinin ləğvi deyən kimi “səviyyəsiz oyunçuları ölkəyə dolduracaqlar ” deyib durublar. Daha o səviyyəsizlərlə, yönsüzlərlə də rəqabət girə bilməyən, forma ala bilməyən azərbaycanlı futbolçuları neynirlər, bilmirik.
Sanki legioner limitinin ləğvi deyəndə özümüzünkülərin ayaqlarını, əllərini kəsməyi təklif edirik. Gələn pis olacaqsa, özünü göstərən meydanda olacaq. Həmişə belə olub. Burada anlaşılmaz nə var ki?
Azərbaycanlı oyunçuların əksəriyyəti illərlə onlara şans verilməsini istəyir. Hardadı belə şey? Avropada, digər ölkələrdə futbolçular 10-15 dəqiqə oynamaq üçün məşqdə bir-birini qırır. Bizimkilər “limitik” deyib yatıblar. Nə ölkədən çıxırlar, nə inkişaf edirlər, nə klublarına, nə də millimizə bir faydaları var. Bəs niyə bu rahatlığa öyrəşənlərə, çalışmaq istəməyənlərə şərait yaradırıq? Bu dövrdə bu mövzunun müzakirəsi belə absurddu.
Müzakirəsiz legioner limiti ləğv edilməlidir! Forma layiq olana verilməlidi, hansısa qaydanın məcbur etdiyinə yox.
Həsən Quluzadə