“Oğlumun bu il beş yaşı tamam oldu. Məktəbə getməyinə az qalıb. Artıq daimi yaşayış yeri haqqında qərar verməyin vaxtı çatmışdı. Ona görə doğulub boya-başa çatdığım şəhərə döndüm”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın sabiq qapıçısı Andrey Lunyov Rusiya mətbuatına müsahibəsi zamanı deyib. O, Ağdam təmsilçisindən ayrılması barədə də danışıb:
“Mənə “Qarabağ”da qalmağı təklif etdilər. Bakı gözəl şəhərdir, çox rahatdır. Mən məmnuniyyətlə orada qalardım. Amma övladımın inkişafı üçün Moskvada daha çox imkanlar var. “Qarabağ” öz çempionatında hegemondur və müntəzəm olaraq avrokuboklarda çıxış edir. Ora keçməmişdən əvvəl Türkiyə təmsilçiləri də mənimlə maraqlanırdı. Ən nüfuzlu klub yəqin ki, “Fatih Karagümrük” idi. Məşqçilər korpusunda dəyişiklik oldu, Andrea Pirlo getdi. Sonra məlum oldu ki, klub belimdəki zədəyə görə narahatdır. Mənə maaşsız müqavilə təklif etdilər. Oyunlar üçün pul ödəmək istəyirdilər. Ardınca Kiprin “Apollon” klubu da danışıq apardı. Məni gözlədiklərini və bilet alacaqlarını dedilər. Amma sonra onlardan səs-soraq çıxmadı və “Qarabağ” variantı ortaya çıxdı”.
Qeyd edək ki, Andrey Lunyov 2023/2024 mövsümündə “köhlən atlar”ın formasını geyinib.