“Oyuna yaxşı hazırlaşmışdıq. Futbolçularımız qələbənin əhəmiyyətini dərk edirdi. Komandam yaxşı oyun nümayiş etdirdi. Qələbə qazanmağa layiq idik. Az şans qazanan futbolçuların durumundan razı qaldım. Qalib gəldiyimiz üçün xoşbəxtik”.
İdmanxeber.az-ın məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Roberto Bordin evdə “Sabah”ı 3:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının XIX tur matçından sonra mətbuat konfransında deyib. İtaliyalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb…
– Ruslan Abışov zədədən yeni qayıdıb. Onun son durumu necədir?
– Ruslanın ciddi zədədən qayıtdığını unutmayaq. Onun qayıdışına sevinirəm. İndiki vaxtda oynamaq üçün hazır deyil. Komanda ilə birgə məşq etmədiyi üçün kollektivdən geri qalır.
– Məhəmməd Mirzəbəyov oyunun sonlarına yaxın qırmızı vərəqə aldı. Həmin epizodla bağlı nə deyə bilərsiniz?
– Düşünürəm ki, həmin epizodda qayda pozuntusu yox idi. Azlıqda qaldıqdan sonra rəqib qapımız qarşısında təhlükəli vəziyyətlər yaratmağa başladı. Futbolçumu itirmək istəmirdim. Həmin epizoda təkrar baxacağıq.
– Qələbə qazansanız da, oyunçularınızın sarı vərəqələrinin sayı çox oldu…
– Sarı vərəqə hər iki komandaya göstərildi. Ona görə də bu barədə çox danışmaq lazım deyil.
– Çempionluq uğrunda əsas rəqibiniz olan “Qarabağ”la bu oyunadək eyni xala malik idiniz. Qalan matçlarda liderliyi qorumağın çətin olacağını düşünmürsünüz?
– Mən “Qarabağ”ı düşünmürəm. Xal itirsək, bizə baha başa gələr. Artıq növbəti oyun barədə düşünməliyik. Çempionatın davamında bizi nələrin gözlədiyini görəcəyik.
– Epizodların birində rəqibin hücumçusu Marko Deviçə irad bildirdiniz. Nə baş verirdi?
– Bizim aramızda böyük problem olmadı. Vangelis Platellasın sarı vərəqə aldığı epizodu müzakirə edirdik. Mənim fikrimcə, Platellasın epizodu o qədər də təhlükəli deyildi.