08 Sentyabr 2024
Ölkə futbolu

“Mən qaziyəm, əsəblərim yerində deyil” – Eşqin Tağıyev

“Futbolda belə hallar olur. Mənə qarşı da kobud hərəkətlər olub. Dəfələrlə zədələnmişəm. Bunu etmişəmsə, cəzamı da alacam. Niyə israrla bunu qabardırlar? Heç mən millidə oynayanda bu qədər danışmırdılar”.

Bu sözləri İdmanxeber.az saytına Azərbaycan II Liqa təmsilçisi “Qusar” klubunun oyunçusu Eşqin Tağıyev barəsində yayılan videoya münasibət bildirərkən deyib. Oyunçu həmin görüntüləri paylaşan sosial şəbəkə hesabı adminini təhdid etməsinə isə belə cavab verib:

“Həmin görüntü “TikTok”da da paylaşılıb, 100 mindən çox adam baxmışdı. Oranın adminə yazdım, məni başa düşdü və videonu sildi. Ancaq feysbukda da paylaşılıb bu video. “Azərbaycan futbolu” səhifəsinin admininə də yazdım, paylaşımı silmədi. Mən də əsəbləşdim, belə cavab verdim. Bilirəm ki, Cavid Hüseynov məsələsini yazmaqla səhv etmişəm.

Amma məni də düzgün anlayın. Mən qaziyəm, əsəblərim yerimdə deyil. Müharibədən sonra məndə travma yaranıb. İnanın ki, illərdir gecələri oturaraq yatıram. Belə şeylər mənə pis təsir edir. Özümdən asılı deyil, əsəbimdən partlayıram. Evdə belə mənə kimsə nəsə deyəndə, əsəblə cavab verirəm. Özümü ələ ala bilmirəm. Normal yazmışam ki, videonu silin. Qayıdır ki, “silmirəm”. Mənim də beynim çöndü, o cür yazdım. Sanki bilə-bilə mənə qarşı belə rəftar edirlər. Məni belə yazmağa təhrik etdi. Belə getsə, həmin səhifəni məhkəməyə verəcəm”. 

Xatırladaq ki, “Qusar”ın “Şəki Siti” ilə oyunda Tağıyevin rəqibinə qarşı etdiyi qeyri-idmani hərəkət müzakirələrə səbəb olub.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43