13 Yanvar 2025
Ölkə futbolu

“Mənim üçün pul hər şey deyil” – Premyer Liqa klubunun qapıçısı

“Məşqçinin oyun üslubunun oturması üçün vaxt lazım idi. Bir tərəfdən də sonuncu pillədəyik deyə, rahatçılıq var. Oyunlara hazırlaşanda heç bir təzyiq hiss etmirik. Stressdən uzağıq. Ən əsası özümüz və komandanın adı üçün oynayırıq. İstəmirik asan təslim olaq”.

Bu sözləri İdmanxeber.az saytına “Qəbələ”nin qapıçısı Rəşad Əzizli “Araz Naxçıvan” qələbəsi (2:0) barədə danışarkən deyib. O, komandanın ardıcıl 3 oyunda qalib gəldiyi üçün heç bir mükafat almadığını bildirib:

“Təslim olmaq istəmirik. Heç kim bizi asan məğlub etməməlidir. Mükafatın olub-olmaması önəmli deyil. Sonuncu sıranı təmin edəndən sonra rəhbərlikdən nəsə gözləmək doğru olmaz.”.

Ötən mövsüm “Şamaxı” ilə Premyer Liqadan düşən, cari futbol ilində “Qəbələ” ilə də eyni aqibəti yaşayan Əzizli bu barədə danışmaq istəmədi:

“Özümə söz vermişəm ki, bu barədə açıqlama verməyəcəm. Bu sualı çox verirlər. Amma heç nə demək istəmirəm”.

Mövsüm sonu “Qəbələ” ilə müqaviləsi başa çatan 30 yaşlı qolkiper gələcək kareyrası ilə bağlı bunları deyib:

“Premyer Liqada oynamağı hamımız istəyirik. Bir neçə yerdən təkliflər var. Amma mövsüm bitəndən sonra “Qəbələ” rəhbərliyi ilə oturub danışacağıq. I Liqada oynamaq barədə hələ düşünmürəm. Amma ola bilər ki, “Qəbələ”də qalım. Mənim üçün pul hər şey deyil. “Şamaxı”da olanda cuzi miqdarda maaş alırdım. Oynadığım hər yerdə xoşbəxtəm. Hər şeyi götür-qoy etmək lazımdır. Premyer Liqadan düşmək dünyanın sonu deyil”.

Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43