25 Oktyabr 2024
Ölkə futbolu

Mərhəmət vaxtıdır?

Hesab 0:1, ikinci hissə gedir, top rəqibdə, oyun da istədikləri kimidi. “Ayaks” oynayır, üzərimizə gəlir, fərqi artırmaq istəyir. Biz isə mərkəzdə qazandığımız toplarla əks-hücuma çıxmağa çalışırıq. Alınmır. Juninyonun bir-iki cəhdi də boşa çıxır. Yalnız Andradenin epizodunu qeyd etmək olar. Və bununla da ikinci hissədə “Qarabağ” “buxarlanır”, “yoxa çıxır”.

Əslində başadüşüləndi. “Ayaks” kimi dinamik futbol oynayan komandaya qarşı 15-ci dəqiqədən 10 nəfərlə oynamaq çətindi. Amma hər halda Qurban Qurbanov kimi təcrübəli mütəxəssisin bütün vəziyyətlər üçün hazırlığı, planı olmalıdır.

İkinci hissə hesab 0:1 olarkən komandanın yorulduğu, əvəzetməyə ehtiyac olduğu açıq şəkildə görünür. Bunun üçün futbolu kimdənsə çox bilməyə ehtiyac yoxdur. Rəqib rahat oynayırsa, öz meydanımızdan çıxa bilmiriksə, nəyisə dəyişmək lazımdır. Amma heç bir müdaxilə, hansısa əvəzetmə yoxdur. Sadəcə kənardan seyr var.

Və gözlənilən olur, “Ayaks” ikinci qolu vurur. Bir dəqiqə sonra əvəzetmə edirik. 74 dəqiqə komandanın “Ayaks”a təslim olduğunu görməmək və ya sadəcə kənardan izləməyi başa düşmək çox çətindir. Əminəm ki, Qurbanov da hamı kimi rəqibin ikinci qolu vuracağını hiss edirdi. Ancaq nədənsə heç bir reaksiya vermir.

Oyunun hakimi çox müzakirə ediləcək. Hər şey onun ayağına yazılacaq. Amma bütün oyunu onun qərarları üzərinə qurmaq bizə heç nə qazandırmaz. Fərdi səhvlərimiz çoxdu.

Romaonun qırmızı vərəqə alması bütün oyunu məhv etdi. Balaca uşaq belə o epizodda 90 faiz “qırmızı” çıxacağını təxmin edər. Amma Romao bunu fikirləşmir. Yəni oyunun sonları olsa, qələbə üçün təzyiq edib əks-hücumda yaxalansaq, braziliyalını hardasa başa düşmək olardı. Bir xalı qurtarmaq üçün buna dəyərdi. Amma 15-ci dəqiqədə belə hərəkət qəbuledilməz səhvdir. 

Kevin Medinaya baxaq. Rahat şəkildə nəzarət edəcəyi futbolçuya güc göstərir, zərbə vurur və çiyin gəldiyini iddia edir. Halbuki sərt müdaxilədir və ən əsası cərimə meydançasıdır. Penalti təhlükəsi heç kolumbiyalının vecinə deyil. Diqqətsiz, məsuliyyətiz davranıb hakimdən mərhəmət gözləməliyik? İndi mərhəmət vaxtıdır?

Bunların sırasına Elvin Cəfərquliyevi də qoşmaq olar. Elvinin epizodu Romao və Medinanınki qədər deyil, amma orada da diqqətsizlik var. Hesab 0:3 olandan sonra aqressiyanı rəqibdən belə çıxmaq lazım deyil. Çünki qarşıdakı oyunu da düşünmək lazım idi. “Qarabağ”a Avropa klubu deyiriksə, meydanda bu cür məsuliyyətsiz, düşüncəsiz davranan futbolçular olmamalıdır. Düzəlməli, gördükləri işin səviyyəsini dərk etməlidirlər. 

Hər səhvi, xətanı “olan şeydi”, “belə hallar olur”la ört-basdır etmək böyüməyə ciddi əngəl törədir. Təriflər yağdırılan futbolçular belə ciddi oyunlarda qeyri-ciddi davranışlarla yadda qalmamalıdır.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43