İtaliyalı məşhur idman jurnalisti Fabrisio Romano Qurban Qurbanovla bağlı paylaşım edib.
İdmanxeber.az-ın məlumatına görə, o, “Qarabağ”ın avtobusunun Londonda tıxacda qaldığı üçün təcrübəlli mütəxəssisin çox əsəbləşdiyini bildirib.
Xatırladaq ki, Londondakı tıxac səbəbindən futbolçular 2,5 saat avtobusda qalıblar. Matçın ardından komandamızın baş məşqçisi Qurban Qurbanov bununla bağlı narazılıq edib:
“Təxminən 2 saat yarım yolda olmuşuq. Bu qədər müddətdə avtobusda oturaq vəziyyətdə qalmaq istər-istəməz futbolçuların konsentrasiyasını pozur. Bunu səbəb kimi gətirmək istəmirəm. Amma bu səviyyədə turnirdə belə hallar olmalı deyil. Sadəcə bu ölkənin öz qayda-qanunları var. Polis verilmir, özümüz gəlməliyik. Belə tıxacda, bu cür oyunlarda polisin olması mütləqdir. Çox böyük təsiri oldu. Amma buna görə rəqibin qələbəsinə kölgə salmaq istəmirəm. Stadiona çatanda dedilər ki, 40 dəqiqə sonra oyun başlamalıdır. Normal hazırlaşa bilmədik”.