26 Dekabr 2024
Ölkə futbolu

“Məşqi həvəssiz yerinə yetirdim, məşqçiyə “sifət elədim” – “Araz Naxçıvan”ın oyunçusu

“Araz Naxçıvan”ın gənc qapıçısı Vüsal Şabanov əvəzedici heyətə göndərilib. Futbolçu Naçxıvan təmsilçisinin Azərbaycan Kubokun 1/8 final mərhələsində keçirdiyi “Mingəçevir” görüşündə (3:1) heyətdə yer alsa da, forma şansı qazana bilməyib.

Bunun ardından Şabanovun məşqçilər heyətinə təpki göstərdiyi və bu səbəbdən də komandadan uzaqlaşdırıldığı bildirilir. “Mingəçevir” oyununun ardından nə baş verdiyini öyrənmək üçün Vüsal Şabanovla əlaqə saxladıq. O, İdmanxeber.az saytına bunları dedi:

“Bu matçda forma şansı qazana bilmədim. Oyunun ardından komanda ilə birgə məşq edirdik. Bilirəm ki, oynamamağım baş məşqçinin qərarıdı. Amma yenə də meydana çıxmadığım üçün pis olmuşdum. Ən çox da ailəm üçün oynamaq istəyirdim. Çünki onlar da belə matçlarda oynaya biləcəyimi düşünür, məni izləmək istəyirlər. Təəssüf ki, şans verilmədi. Bu səbəbdən də bir az əsəbi idim. Amma Elmar Baxşıyevlə aramda heç bir diaolaq olmayıb. Sadəcə görüşün ardından məşqi həvəssiz yerinə yetirdim, qapçı məşqçisinə də “sifət elədim”. Məşq bitdikdən sonra isə adminstrator gəlib əvəzedici heyətə göndərildiyimi söylədi. Hər şey bundan ibarətdi. Hər hansı bir dava, hay-küy, söyüş olmayıb. Oynamadığım üçün çox üzülmüşdüm”.

Həsən Quluzadə

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43