Ötən mövsüm Premyer Liqada mübarizə aparan “Şamaxı” komandasının klubdan ayrılan futbolçuların maaşlarını ödəmədiyindən xəbərdarsınız. Həmin vaxt problemlə bağlı əyalət təmsilçisinin mətbuat xidmətinə müraciət edib, onların da fikirlərini dərc etmişdik.
Klub rəsmisi Yusif Hüseyn alacağı olan futbolçuların ödənişlərini yaxın zamanda verməyə çalışacaqlarını bildirsə də, hələlik problem həll olunmayıb.
Bu halda AFFA-nın “Şamaxı”ya hər hansı bir cəza verib-verməyəcəyi müzakirə mövzüsuna çevrilib. Məsələ ilə bağlı federasiyanın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli ilə əlaqə saxladıq:
“Bizə rəsmi qaydada Oyunçuların Statusu və Transferi Komitəsinə bununla bağlı müraciət daxil olmayıb. Ancaq belə bir problemin olduğunu mətbuatdan eşitmişik. Rəsmi müraciət olmalıdır ki, məsələ araşdırılsın. Ona görə də kluba indidən hər hansı bir cəza verilib-verilməyəci barədə nəsə deyə bilmərəm”.
Həsən Quluzadə