“Almaniyada ölkəmizi təmsil edirik. Buna görə hər attığımız addım önəmlidir. Həmişə ölkədən kənarda oynamaq, dünyaya bizim futbolçuları göstərmək, oyunçularımız üçün qapı açmaq arzum idi. Düşünürəm ki, ölkəmdəkilərin də mənə böyük ümidləri var. Onları məyus etməmək üçün əlimdən gələni edəcəm”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri Almaniyanın “Nürnberq” komandasında çıxış edən millimizin futbolçusu Mahir Emreli deyib.
27 yaşlı futbolçu son matçda “Fortuna” ilə edilən heç-heçəyə (2:2) də toxunub:
“Ardıcıl iki oyundur ki, son dəqiqələrdə qol buraxırıq. Bu səbəbdən özümüzü pis hiss edirik. Çünki rəqiblərdən daha yaxşı oynayırdıq. Növbəti görüşlərdə yaxşı nəticələr qazanacağımıza ümid edirəm”.
Emreli həmçinin qarşıdakı “Elversberq”lə oyun barədə danışıb:
“Rəqibi təhlil edirik. Özümüzü növbəti qarşılaşmaya hazırlayacağıq. Bu matçda əlimizdən gələni edəcəyik. Gözəl stadionda oynamaq daha çox motivasiya verir. Həm də ən vacib olan fanatlardır. Tərəfdarlarımız hara getməyimizdən asılı olmayaraq, bizə dəstək olur, şou göstərirlər. Amma bəzən özümü səfərdəki kimi hiss etmirəm. Buna nümunə olaraq “Hoffenhaym”la (Almaniya Kuboku) matçı göstərə bilərəm. Özümü Nürnberqdəyik kimi hiss edirdim”.