“Neftçi”nin futbolçusu Mahir Şükürov “Qəbələ” ilə oyundan sonra idmanxeber.com saytına müsahibə verib.
– Gərgin oyun keçdi və sonda qalib gəldiniz.
“Qəbələ” komandasına qarşı ciddi hazırlaşmışdıq. Çünki bilirdik ki, bizim üçün çətin olacaq. Düzdü mən 2 gün idi ki, məşq etmirdim. Ayağımda zədə var idi. Son iki gündə məşq edib bu oyuna çıxdım. Ona görə iki gün komandadan ayrı qaldım. Lakin futbol oynamaq üçün çox həvəsli idim. Qarşılıqlı hücumlar şəraitində keçən oyun oldu. Biz güclü idik və qalib gəldik.
– Cərimə zərbəsindən gözəl qolla komandana son saniyələrdə 3 xal qazandırdın. Topa yaxınlaşarkən qol vuracağına inanırdınmı?
Əlbəttə. Mən belə bir qolu millinin heyətində Şimali İrlandiyaya qarşı da vurmuşdum. On görə də, bu dəfə də qol olacağına inanırdım. Məşqlərdə də üzərimdə işləyirəm. Oyundan öncə demişdim ki, iki qol vuracağıq. Birini Araz vuracaq, birini mən. İlk qolu özümün vuracağını dedim. Ancaq Araz vurd.
– Amit Quluzadə ilə aranızda tez-tez etiraz olurdu. Niyə sözünüz düz gəlmirdi?
Heç nə, oyun başlayandan tez-tez yerə yıxılırdı. Topu əlinə götürüb vaxtı aparırdı. “Molodoy”san başıvı aşağı sal get futbolunu oyna da…
– Mahir sən oyunlarda tez-tez qalmaqal yaradırsan. Səbəb nədi?
Oyunun gərginliyindən irəli gəlir. Hesab 1:1 olanda istər-istəməz əsəblərin yerində olmur. Amma oyundan sonra məndə kin qalmır.
– Qol sevincini çox əsəbi şəkildə qeyd etdin. Heç Şimali İrlandiyaya qol vuranda belə sevinməmişdin.
(Gülür) Yox, son saniyələrdə vurduğum qol komandamıza 3 xal qazandırdı deyə çox sevindim.
– Qoldan sonra “Qəbələ”nin ehtiyat skamyasına tərəf baxıb çılğın şəkildə qol sevincini qeyd etdin.
Yox, bizim prezident Sadıq Sadıqov tribunada idi və qol sevincini belə çılğın şəlkildə qeyd etdim.
– Artıq lidersiz…
Mənə jurnalistlər “Qarabağ”la oyundan sonra deyirdilər ki, demək olar “Qarabağ” qış çempionudu. Dedim hələ tələsməyək. Biz “Qarabağ”ı buraxırıq qabağa sonra gəlib onları keçirik.
Səxavət QURBANOV