“Mahir Emrelinin “Nürnberq”dən ayrılma ehtimalı var. Bu xəbərləri mən də oxuyuram. Düzdür, hələlik rəsmiləşməyib. Almaniya klubu səhv etmirəmsə, təzminat tələb edir. Ancaq Emreli oynamırsa, nəsə fikirləşəcək. Açığı, Mahirin Koreyaya getməsi səhvdir, gözdən uzaq düşəcək. Ola bilər ki, yetərincə pul qazanacaq. Amma onsuzda Emreli pulunu qazanırdı. Mənim üçün üzücüdü. Mahirin xətrini çox istəyirəm, bir yerdə oynamışıq, bir otaqda qalmışıq. Yenə də onun qərarına hörmətlə yanaşıram”.
Bu sözləri İdmanxeber.az saytına Azərbaycan millisinin sabiq üzvü Əfran İsmayılov Mahirin Emrelinin Almaniyanın “Nürnberq” klubundan mümkün ayrılığı barədə danışarkən deyib. O, daha sonra belə davam edib:
“Biz nə baş verdiyini bilmirik. Məşqçinin, rəhbərliyin onun barəsində nə düşündüyündən xəbərdar deyilik. Yəqin ki, nəsə sıxıntısı var deyə ayrılmaq istəyir. Almaniyada mənim də tanışlarım var, davamlı Mahirlə görüşürlər. Hər şey qaydasında idi. Tez-tez Mahirlə şəkillərini atırlar, davamlı söhbət edirlər. Ətrafı bizim uşaqlar idi. Darıxdığını da düşünmürəm. Deməli, oratada nəsə var ki, bu söz-söhbətlər ortaya çıxır.
Çox vaxtı oynayırdı, komandaya kömək edirdi. Bir-iki oyun ehtiyatda qalmaqla klubdan ayrılmaq istəmirsən. İnanmıram ki, pulu fikirləşsin. Mahir onsuzda qazana-qazana gedir. Bəlkə də cəlbedici təklif ola bilər. Amma əsas ordakı durumun nə olduğunu bilmək lazımdı. Şəxsi fikrimi deyim ki, Cənubi Koreya klubundansa, Türkiyədə oynamaq yaxşıdı. Super Liqaya qayıtsa, özü üçün də daha maraqlı olar. Göz önündə olacaq, daha çox izlənəcək. Amma yenə də qərar özünündü. Nə qərar versə, hörmətlə yanaşacam”.
Həsən Quluzadə