Müsahibə

Maksim Medvedev: “İnanıram ki, Qara bundan nəticə çıxaracaq”

Dünən Azərbaycan Premyer Liqasının 15-ci turunda “Qarabağ” doğma meydanda “Neftçi” ilə 1:1 hesablı bərabərlik əldə edib.

Matçdan sonra “Qarabağ”ın müdafiəçisi Maksim Medvedev idmanxeber.com-un əməkdaşının suallarını da cavablandırıb:

– Oyun haqqında fikirlərinizi bilmək maraqlı olardı…

– Çətin oyun oldu. Bilirdik ki, təlim-məşq toplanışından sonra keçirilən ilk oyun hər zaman çətin olur. Yaxşı əhval-ruhiyyə ilə oyuna hazırlaşmışdıq. Amma gördüyünüz kimi “Neftçi” güclü heyət qura bilib. Bu gün bizimlə yaxşı mübarizə apara bilirdilər, yaxşı analiz etmişdilər. Baxmayaraq ki, bu gün heç-heçə etdik, amma qarşıdan bizi çox oyunlar gözləyir və çalışacağıq ki, bu oyunlardan yaxşı nəticə ilə geri dönək.

– Qara Qarayevin səhv etməsi və qapınızda qol görməniz gözlənilməz oldu…

– Bu, futboldu, hər şey ola bilər. “Qarabağ” elə bir komandadır ki, hansı meydanda oynamağından aslı olmayaraq hər zaman riskli futbol oynayır. Bu da bir dərsdir. İnanıram ki, Qara bundan nəticə çıxaracaq və gələn dəfə daha səhvsiz oynayacaq.

– “Neftçi” daha istəkli görünürdü…

– Hə, elə görünürdü. Yəqin oyuna yaxşı motivasiya olublar. Bizdə dəmotivasiya yaxşı idi. “Qarabağ” hər zaman 1 nömrə kimi oynayır. Düşünürəm ki, komandamız 1-2 turdan sonra formasını bərpa edəcək və həmişə oynadığı oyunu sərgiləyəcək. Qeyd edim ki, Riçard Almeydanın yoxluğu da hiss olunurdu. Orta mövqeydə çatışmazlıq yaşayırdıq bu səbəbdən.

– Riçard Almeydanın “Qarabağ”ın “beyni” olduğunu düşünmək olarmı?

– Doğurdan da Almeyda “Qarabağ” üçün böyük bir fiqurdur. O, meydanda olanda komanda daha fərqli oyun nümayiş etdirir. Amma o bu gün meydanda yoxdursa, demək olmaz ki, onun yerində oynayan futbolçu zəif oynadı. Düzdür oyun stilimiz az da olsa dəyişmişdi, amma komandanın Almeydaya ehtiyacı var idi.

– Reynaldonun gedişinin, Ağabala Ramazanovun isə gəlişi “Qarabağ”a xeyiri olacaq, yoxsa ziyanı?

– Nəzərə almaq lazımdı ki, Reynaldo zədəli idi və komandada oynamırdı. Avroliqada da səhv etmirəmsə bir, ya da iki oyun oynadı. Ağabala isə gənc futbolçudur. Komanda üçün demək olar ki, “təzə qan”dı. Bu gün də yaxşı oynadı. Xatırlayıram ki, ikinci hissədə rəqibə 2 sarı vərəqə Ağabaıaya görə verildi. Özünə inamlı çıxış etdi. Belə davam etsə komandaya çox böyük köməyi dəyəcək.

– Ağabala oyun zamanı tez-tez simulasiya edir və rəqibi bezdirir. O, məşqdə də elədirmi?

– Bəli, məşqdə də elədi. Tez-tez yıxılır. Amma məşq zamanı sarı və ya qırmızı vərəqə yoxdur. Özü qaydanı pozanda da çox sərt pozur. Ona görə də çalışır ki, belə epizodlara girməsin (gülür).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43