Kateqoriyasız

Maqsud Adıgözəlova xatırlatma

8-ci turun başa çatması ilə Premyer Liqada ilk dövrəyə yekun vuruldu. Və rəsmən məlum oldu ki, “Sabah” ilk dövrədə qələbə üzünə həsrət qalan yeganə komandadı.

“Sabah”ın uğur qazanması üçün hesablanan və bu minvalla da edilən bahalı transferlər ilk dövrənin nəticəsinə əsasən iflasa uğradı. Yarıtmaz idarəçilik və bunun fonunda gələn biabırçı nəticələr komandanın oyununda, başlıcası isə turnir cədvəlində öz əksini tapmaqdadı. 

Nəticə ürəkaçan olmadıqda isə mütləq “günah keçisi” axtarılır. Şablon kimi səslənsə də deməliyik ki, uğursuzluqda hər kəs günahkardı% futbolçulardan tutmuş baş məşqçiyə kimi. Və ən əsası klub rəhbərliyi. Hansı ki, transferlərə gözüyumulu çoxlu pul ayırılmasına “okey” verən şəxs və ya şəxslər. Bu zaman isə diqqətlər “Sabah”ın prezidenti Maqsud Adıgözəlova yönəlir. 

Maqsud bəy klubun faktiki durumuna birbaşa cavabdeh şəxsdi. Lakin klub başçısı mövcud durumdan komandanı çıxara bilmir və ya çıxartmaqda maraqlı deyil. Hərçənd ki, Adıgözəlov eyni mənzərə ilə ötən mövsümün bu vaxtları da qarşılaşmışdı. Yəni, yad bir məqam yoxdu. Kiçik xatırlatma edim ki, ötən il mətbuata “biz günahkar yox, səhvləri düzəltmək üçün yollar axtarırıq” – demişdiz. Tapmadığınız ortadadı.

O zaman bu tip açıqlamaların iki mənası var: ya belə söz oyunu oynayaraq publikaya işləyirsiz, ya da bacarmırsız. İşlər qaydasında getmirsə, bu azı bir ildən çoxdur ki belədirsə, o zaman günahkar axtarmaq lazımdı. Hər iki halda problem həllini tapmırsa bunun adı səriştəsizlik olur.

Bu nəticələrdən sonra məşqçi dəyişikliyi qaçılmazdı. Lakin bu problemin həlli yolu deyil. Hər halda bu kimi dəyişikliyə çox getdiniz, faydasını da görə bilmədiniz. Deməli, bu cür manevrlər klubdakı uğursuzluğu heç bir halda ört-basdır edə bilməz. Ki, hazırda da etmir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43