Ölkə futbolu

“Maraqlı təklifləri dəyərləndirə bilərəm” – Jezniçak “Qarabağ”dan gedir?

“Qarabağ”ın polşalı müdafiəçisi Yakub Jezniçak ölkəsinin mətbuatına geniş müsahibə verib.

– Gəlin, əvvəlcə “Qarabağ”dakı vəziyyətinizdən başlayaq. Son vaxtlar ehtiyatda qalırsınız. Ümumiyyətlə, bu mövsümdəki çıxışınızı necə qiymətləndirərdiniz?

– Deyə bilərəm ki, vəziyyət təkrarlanır. Ötən mövsümdə də buna bənzər şeylər oldu. Yaza nisbətən payızda daha çox oynadım. Avrokuboklarda mübarizəni dayandırdıqdan sonra bütün diqqətiizi daxili yarışlara yönəltdik. Yadda saxlamaq lazımdır ki, Azərbaycanda belə bir qayda var: meydanda 5 yerli və bir gənc futbolçu olmalıdır. Ona görə də legionerlər üçün cəmi 5 yer qalır. Bunun üçün oyunlarda daha çox hücumlara şans verməyi sevən məşqçimizin yanaşmasını bilmək lazımdır. Bu mənada, müdafiə xəttindədəki 3 yerdən biri uğrunda mübarizədə Donald Gerye ilə aramızda çətin vəzifə dayanır. Bütün bunlar mənim tez-tez ehtiyat oyunçular skamyasında oturmağıma təsir edir. Özümü bu vəziyyətə hazırladığımı etiraf edirəm. Çünki bu barədə məni Çempionlar Liqası və Avroliqa oyunlarında əsas heyətə qoyan məşqçi ilə danışmışam. Bundan başqa, elə yaşdayam, elə təcrübəm var ki, artıq emosiyalar daha az rol oynayır. Bunu soyuqqanlı qarşılayıram, çünki bəzi məsələlərə təsir edə bilmərəm.

– Avrokuboklardan bəhs etdiniz. Yəqin ki, “Arsenal” və “Sportinq” kimi komandalara qarşı oynamaq imkanı qazanmaq sizin üçün maraqlı olub…

– Son 3 ildə cəlbedici rəqiblərlə qarşılaşdığım üçün bəxtim gətirib. Sərgüzəştlər “Legiya”da Dortmund “Borussiya”sı və “Real”la oyunlarla başladı. Daha sonra “Çelsi”, “Roma” və “Atletiko”, öz növbəsində, bu mövsüm Avropa Liqasında yuxarıda adları çəkilən “Arsenal” və “Sportinq” kimi komandalara qarşı oynamaq da fenomenal oldu. Bunlar, şübhəsiz, Avropanın top-klublarıdır. Gələcəkdə yada salacağım və nəvələrimə danışacağım xatirələrim olacaq. Xüsusilə Çempionlar Liqasında qrup mərhələsinə çıxmaq mənim üçün ən üst səviyyə idi.

– “Qarabağ”da olmaq – bu, sizin üçün təkcə futbol oynamaq deyil. Əvvəllər tez-tez Azərbaycandakı həyatınızdan zövq aldığınızı deyirdiniz. İki ildən sonra fikirlərinizdə dəyişiklik olubmu?

– Yenə də ancaq ölkənin üstünlükləri haqda danışa bilərəm. Bunu Bakıda çəkdiyim və tez-tez sosial şəbəkələrdə yerləşdirdiyim şəkillər də sübut edir. Mənə baxan insanlar dəyişikliyi, orada necə yaşadığımı görürlər. Polşa ilə müqayisədə burada isti və günəşli hava üstünlük təşkil edir. Tez-tez vaxt mehriban insanlarla qarşılaşa bilirsən. Əlbəttə, mədəni fərqlər var, amma bunar elə də nəzərəçarpan deyil. Hə, İslam ölkədə dominant dindir. Amma digər ölkələrdəki kimi ifrat dərəcədə deyil. Hətta burada qadınlar üzlərini gizlətmirlər. Azərbaycanda olduğum üçün təəssüflənə bilmərəm. Hər şeydən öncə sakit həyatım var. Ömrümün demək olar ki, yarısını Varşada keçirmişəm və çox insanla qarşılaşmışam. Buna görə tez-tez harasa gedir, dostlarımla görüşürdüm. Hətta Bakıya gələndən sonra həyat yoldaşımla yüngül şok keçirdik: rahat yuxudan dura, kofe içməyə gedə bilirik. Heç nəyi Polşadakı kimi tez-tələsik etmirik. Özümü bir az da məzuniyyətdə hiss edirəm. Çünki məşqlərdən sonra xeyli boş vaxtlarımız olur.

– “Qarabağ”la müqaviləniz iyun ayının sonunda bitir. Müddəti daha bir il uzatmaq istərdiniz?

– Mənə qalsa, istərdim. Amma, baxaq, necə olacaq. Burada müqavilənin yenilənməsi Polşadakından bir az fərqlənir. Bununla bağlı söhbət bəzən müqavilə müddətinin bitməsinə az qalmış, bəzən də vaxt qurtarandan sonra olur. Hələlik mövsümün sonunu gözləyirəm. Nəyin necə olacağını zaman göstərəcək. Yəqin ki, üfüqdə başqa ekzotik ölkələrdən maraqlı təkliflər görünəcək. Onlardan birini dəyərləndirə bilərəm.

– Polşaya qayıdış ekzotik deyil. Amma “Legiya”dan hansı şərtlərlə təklif gözləyərdiniz?

– Hələ heç nə baş verməyib. Ona görə də indi nəsə demək mümkün deyil. Hazırda “Legiya”nın yaxşı heyəti var. Əlbəttə, ətraflı nəsə olsa, nəzərdən keçirə bilərəm. Ürəyim hər zaman bu komanda ilə döyünəcək. Bu forma ilə meydanda çox can qoymuşam. Odur ki, “Legiya” həmişə mənim üçün ilk sıradadır. Futbolçu həyatı elədir ki, harada istəyirsənsə, orada da oynayırsan.

– Artıq 32 yaşınız var. Necə düşünürsünüz, millinin qapıları üzünüzə bağlanıb, yoxsa hələ çağırılmaq ümidiniz var?

– Bu barədə düşünmürəm. Oynayıram, öz işimi görürəm Amma düşünürəm ki, yığmanın müdafiə xətti komplektləşib. Kamil Qlik, Yan Bednarek, Mixal Pazdan kimi oyunçular var. Sonuncu Türkiyə çempionatında çıxış edir. Bu gün Superliqa Azərbaycan və Polşa çempionatlarından güclüdür. Hazırda Türkiyədə oynayan “Qarabağ”dan keçmiş komanda yoldaşım İbrahim Şehiçlə söhbətimiz olub. O dedi ki, Mixal “Ankaragücü”nə keçdikdən sonra öz inamlı oyunu ilə komandanın simasını dəyişib. Ona görə də düşünürəm ki, hazırkı məqamda yığmada 3 mərkəz müdafiəçisinin olması kifayət edir.

– Polşada çempionluq uğrunda “Lexiya” və “Legiya”, Azərbaycanda isə “Qarabağ” və “Neftçi” klubları mübarizə aparırlar. Sona hələ bir neçə tur var. Şansları necə dəyərləndirirsiniz?

– Bizim heyətimiz “Neftçi”dən daha yaxşıdır. Hə, onlar bu mövsüm yaxşı oynayırlar. Maraqlı futbolçuları var. Amma qarşıda hələ çox oyun olacaq. Çempionata məhz “Neftçi” və “Qarabağ” arasındakı matçla yekun vurulacaq. Deyərdim ki, mövsümün oyunu olacaq. Bundan başqa, biz ölkə kubokunda da mübarizəni davam etdirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43