Kateqoriyasız

Marat İzmaylov: “İndi həvəskarlar liqasında belə, bir ayaqla heç kimi keçə bilməzsən” – MÜSAHİBƏ

“Qəbələ”nin yarımmüdafiəçisi Marat İzmaylov müsahibəsində özü, oyunu və hazırkı komandası haqda danışıb:
– Siz kədərli görünürsünüz. Səbəbi nədir?
– Mövsümün ikinci yarısında komandanın nəticələri və mənim oyunum yaxşı əhval üçün hələlik səbəb deyil. Ancaq mən deyərdim ki, kədərli olmaqdan çox, yorğunam.
– Əgər indi Azərbaycanı tərk etsəniz, bunu hansı hisslərlə edərdiniz?
– Əgər bunu indi etmək lazım gəlsə, ilk növbədə qeyri-qənaətbəxş hisslərlə edərdim. Yenə də təkrar edirəm, hal-hazırda öz oyunumdan razı deyiləm. Ancaq hər halda, Azərbaycan ömrümün maraqlı məqamıdır. Həm futbol, həm də həyati nöqteyi-nəzərdən böyük təcrübədir. Təxminən belə hisslər.
– Bizim Premyer Liqa hansı təəssüratları yaşatdı?
– Təqribən hər şeyi belə də təsəvvür edirdim. Fərdi planda yaxşı ifaçılar az deyil. Ümumilikdə, yaxşı, güclü liqadır.
– Ən çox hansı komanda xoşunuza gəldi?
– Əgər öz komandamızı nəzərə almasaq, sirr deyil və tam aydındır ki, topa və ümumilikdə oyuna yaxşı nəzarət edən “Qarabağ”.
– “Qəbələ”yə keçidiniz aydın səmada şimşək kimi çaxdı. Ancaq siz ümidləri hələlik doğrultmursunuz. Nə üçün?
– İlk növbədə ona görə ki, çox vaxt buraxmışam. Oynamamışam və məşq etməmişəm. Gördüyünüz kimi, bugünkü oyunumda bu, əksini tapır. Hər bir işdə gündəlik çalışmaq və inkişaf etmək lazımdır. Bu, ilk və əsas səbəbdir.
– Azərbaycanda belə desək, yalnız sol ayaqla oynamaq haqda fikirləriniz olmayıb?
– İndi hətta həvəskarlar liqasında belə, bir ayaqla heç kimi keçə bilməzsən. Belə fikirləri özümə heç yaxın belə, buraxmamışam.
– Qorxmursunuz ki, Azərbaycandakı uğursuzluq təqdirində, Marat İzmaylovun reytinqi kifayət qədər aşağı düşsün?
– Qorxmuram. Heç vaxt reytinqim arxasınca qaçmamışam. Əgər reytinq mövzusunda mühakimə yürütsək, Rusiya və Avropadakı karyera müddətim ərzində, danışdığımız reytinqimin çox aşağı salındığı məqamlar olub. Bu, klub daxilində rəhbərliklə hər hansı mübahisəli vəziyyətlər, zədələr, uğursuz dövrlər və oyun planına aiddir. Mən bunlardan dəfələrlə keçmişəm. Zirvədə olduğum kimi, dibdə də olmuşam. Bu səbəbdən, bunlar məni çoxdan qorxutmur.
– Bu halda, yaxın turlarda biz hamının tanıdığı Maratı görə biləcəyik?
– Ancaq onu vəd verə bilərəm ki, öz oyun formamı yüksəltməyə çalışacağam. Hər şeyin necə olacağını isə vaxt göstərəcək. Hazırkı komandamın uğur qazanmasına kömək etmək istəyirəm.
– Bu yaxınlarda klubunuzun vitse-prezidenti Fariz Nəcəfov saytımıza verdiyi müsahibəsində bildirmişdi ki, Əgər Marat İzmaylov ona bəslənən ümidləri doğrultsa, bu halda, klub onun transfer hüququnu əldə etməyə çalışacaq. Buna necə münasibət bəsləyirsiniz?
– Bu haqda mühakimə yürütmək, hələ tezdir. Mənim “Portu” ilə qüvvədə olan müqaviləm var.
– Portuqaliyaya qayıtmaq istəyirsiniz?
– Yüksək səviyyədə oynamaq üçün, buna cavab vermək lazımdır. İndi mənim bütün fikirlərim “Bakı” ilə qarşıdakı oyundadır. Mən öz qarşımda məqsəd qoymuşam. Qabaqcadan irəli baxmamaq və oyundan oyuna yaşamaq. Mövsümün axırında isə, hər şeyin necə alındığına və vəziyyətin necə olacağına baxarıq.
– Qəbələdə darıxmırsınız?
– Hər şey normaldır. Adi iş şəraitidir. Klub hətta Bakıda məskunlaşsa idi, həyatım indikinə oxşar olardı.
– Komanda yoldaşlarınızla münasibətiniz necədir?
– İstisnasız olaraq, hamı ilə münasibətim yaxşıdır. Kollektivdən razıyam. Meydanda olduğu kimi, gündəlik həyatda və məişətdə də isti ünsiyyətimiz var.
– “Qarabağ”ı çempionluq münasibəti ilə təbrik etmək istəmirsiniz?
– Yox. Sona qədər mübarizə aparacağıq. Avrokuboklara düşmək üçün şanlarımız yüksəkdir və çempionluğu da asanlıqla əldən verməyəcəyik.


azerisport.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43