23 Dekabr 2024
Kateqoriyasız

Mehman Allahverdiyev: “Hamı stadiona “Kəpəz”in qələbəsinə şahidlik etmək üçün gələcək”

“Gəncə futbol şəhəridir. Burda insanlar futbolu çox sevirlər, ona görə kimisə futbol səsləmək lazım deyil, hamı eşidib, bilib oyuna gələcək”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Kəpəz”in icraçı direktoru Mehman Allahverdiyev deyib.

Gəncə təmsilçisinin çempionatda “Zirə”yə qarşı keçirəcəyi ilk ev oyunu haqda klubun mətbuat xidmətinə fikirlərini bölüşən Allahverdiyev daha sonra sözlərinə belə davam edib: “Avqustun 16-ı Gəncə sanki böyük bir bayramı qeyd edəcək. Artıq indidən şəhərimizdə bayram ab-havası hiss olunmaqdadır. Hamı səbrsizliklə qarşıdakı oyunu gözləyir”.

Allahverdiyev azarkeşlərə müraciət etməyi də unutmayıb. O, fanatları pirotexniki vasitələrdən uzaq durmağa çağırıb: “Azarkeşlərə bütün dəstəyə görə təşəkkürümü bildirirəm. Onlardan xahişimiz odur ki, stadionda oyun vaxtı əlavə şeylər etməsinlər, yandırıcı maddələrdən uzaq olsunlar. Klubun cərimələnməsinə, cəzalanmasına səbəb ola biləcək hərəkətlər etmək lazım deyil. Düzdü, fanatlarımız komandanı çılğıncasına dəstəkləyirlər və onları başa düşürük. Amma bir şeyə əgər qadağa varsa, gərək olmaya. Biz “Kəpəz”in azarkeş mədəniyyətini hamıya bir daha göstərməliyik”.

İcraçı direktor “Zirə” ilə oyundan gözlədiyi nəticə haqda da danışıb: “İnanırıq ki, komandamız ilk ev oyununda həm də ilk qələbəsini qazanacaq. Hamı stadiona “Kəpəz”in qələbəsinə şahidlik etmək üçün gələcək. Futbolçularımıza, məşqçilər korpusuna uğurlar arzulayıram”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43