Ölkə futbolu

Məşhur idman jurnalisti ölümlə hədələndi

Bir neçə dəqiqə əvvəl məşhur idman yazarı Natiq Muxtarlıya hücum edilib. 

ANS-in əməkdaşı Xəyal Azəroğlu 3 nəfər idmançı dostunu götürərək Muxtarlı ilə “danışığa” gəlib. Onlar idman yazarını başını kəsməklə hədələyiblər.

Məlumata görə, bu hücuma səbəb Natiqin rekord.az saytında gedən "UltrAslan-Azərbaycan" və toyuq oğruları" başlıqlı köşə yazısıdı. Muxtarlı həmin yazıda “UltrAslan-Azərbaycan"ın dağılmasından sonra yaradılan eyniadlı dərnək haqda fikirlərini bildirib. O, yazısında qeyd edib ki, “UltrAslan-Azərbaycan” brendini Azərbaycana Ceyhun Əzizli tanıdıb: “Bunu hətta toyuq oğrusu da dana bilməz. Ən azından bu brendi Azərbaycana tanıdan şəxsdən halallıq almalıdırlar, ya yox?”

Hücuma məruz qaldıqdan sonra açıqlama verən Muxtarlı bildirib ki, bu yazıdan sonra ona yeni yaradılan “UltrAslan-Azərbaycan” rəhbərliyindən və tərəfdarlarından yox, məhz ANS-in idman müxbiri Xəyal Azəroğlu tərəfindən cavab verilib.

 

Azəroğlu Muxtarlının yazısını cavab olaraq "Xoruz"luq etməyin, kişi olun!" köşə yazısı ilə çıxış edib. O, həmçinin Natiqin ünvanına təhqiramiz ifadələr işlədib. Muxtarlı isə bu təhqirlərə cavab olaraq “Xoruzun toyuğa cavabı” başlıqlı köşə yazısı yazıb. Əsas söz-söhbət bu yazıdan sonra qızışıb.

Natiqin sözlərinə görə, Xəyal öz "Facebook" səhifəsində yazdığı statusda qeyd edib ki, “Natiq Muxtarlı “Xoruzun toyuğa cavabı” yazısında özünün “petux”olduğunu boynuna aldı”.

Həmin statusa isə PFL prezidenti Ramin Musayevin yaxın qohumları da şərh yazaraq Muxtarlını təhqir ediblər. Natiq da həmin statusa yazdığı şərhlə onlara cavab verib. Bu cavabdan sonra daha da qəzəblənən Azəroğlu onun çalışdığı “Komanda” qəzetinə zəng vuraraq görüşmək istədiyini bildirib.

Natiq açıqlamasında deyib ki, həmin görüşə qəzetin baş redaktoru Rəşad Ergünlə birgə gedib: “Biz görüşə ikimiz getdik. Xəyal Azəroğlu görüşə üç idmançı dostu ilə birgə gəlmişdi. Çatan kimi məni təhqir etməyə, hədələməyə başladılar. Məni ölümlə hədələdilər, dedilər başını kəsəcəyik, uşaqlarını öldürəcəyik. Mən Xəyal Azəroğluna dedim ki, sən də jurnalistsən, belə özbaşınalıq olmaz. Bu ölkədə qanun-qayda var. Yazdığım yazıdan narazısınızsa, verin məhkəməyə. Dedilər ki, biz hər şeyi qol gücü ilə həll edirik, bu ölkədə belədi. Rəşad Ergün olmasaydı, onlar bəlkə də mənə nəsə edəcəkdilər. Ətrafdakı insanlar da bizi ayırdı. Ayrılanda “yenə də görüşəcəyik” dedilər, hədələyib getdilər”.

Muxtarlı bu hücum və təhdidlə bağlı Daxili İşlər Nazirliyinə və hüquq-mühafizə orqanlarına müraciət edəcəyini bildirib: "Həyatımın təhlükə altında olduğunu bilirəm. Bu, onu göstərir ki, Xəyal Azəroğlu bu işləri özbaşına etmir. Yazdıqları statuslardan, etdikləri hərəkətlərdən bəlli olur ki, bunların arxasında PFL prezidenti Ramin Musayev dayanır. Çünki mən həmişə onun fəaliyyətini tənqid edən yazılar yazıram".

virtualaz.org


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43