Azərbaycan Premyer Liqasının 13-cü turunun görüşləri keçirilib.
İdmanxeber.com–un məlumatına görə, son oyun günü “Qarabağ” səfərdə “Zirə”nin qonağı olub. Qarşılıqlı hücumlar şəraitində keçən matçda “Qarabağ” 3-2 hesabı ilə qalib gəlib. Oyundan sonra qonaqların legioner futbolçusu Miçel jurnalistlərin suallarını cavablandırıb.
– “Çelsi”yə ağır məğlubiyyətdən sonra komandada atmosfer necə idi? “Zirə” ilə matça hazırlaşmaq çətin olmadı?
– Komandada yaxşı atmosfer var. O ki qaldı “Çelsi” ilə matça, böyük komandaya qarşı azlıqda oynadıq. Şübhəli qərarlar da öz yerində. “Zirə” ilə oyuna motivasiyalı çıxmışdıq. Əsas odur ki, qələbə qazandıq və 3 xalı aktivimizə yazdıq.
– Bugünkü matçla bağlı nə deyə bilərsən? Fasiləyə 2:0 öndə yollanmağınız ikinci hissədəki çıxışınıza necə təsir etdi?
– İkinci hissəyə də eyni istəklə çıxmışdıq. Sadəcə, küləyin həmin istiqamətə əsməsi oyunumuza təsir etdi. Həm də yorğunluğun olmasını danmıram. Ardıcıl sıx qrafikdə çıxış edirik. Bərpa üçün kifayət qədər vaxtımız olmurdu. Əksər oyunları isə 10 nəfərlə keçirmişik. Nəticədən razı qaldıq.
– Hər iki komanda çox aqressiv idi. Bu, nədən irəli gəlirdi?
– Bu, hər iki komandanın qələbə qazanmaq istəyindən irəli gəlirdi. Normal ot örtüyü olsaydı, bəlkə də bu cür alınmazdı. Meydan kiçik, süni örtük, top dayanmır. Bu cür meydanlarda oynamağa məcburuq.
– Rumıniya mətbuatının iddiasına görə, Çempionlar Liqasındakı çıxışına görə Dino Ndlovu ÇFR (Kluj) klubunun maraq dairəsinə düşüb. Sənə hər hansı təklif gəlibmi?
– Mənim “Qarabağ”la gələn mövsümün sonuna kimi müqaviləm var. Ona görə də bu haqda nəsə demək istəməzdim.
– Sıx qrafikdən danışdın. Bu cür qrafik qarşıdakı həftədə də davam edəcək. Belədə gərginliyə tab gətirə biləcəksinizmi?
– Çempionatın birinci hissəsinin sonuna yaxınlaşırıq. Hazırlaşmaq üçün vaxtımız olacaq. Hansısa problem görmürəm.
– Fasilə öncəsi çempionata “Neftçi” ilə qarşılaşacaqsınız. Bu oyunla bağlı nə düşünürsən?
– Rəqibimiz baş məşqçi dəyişikliyindən sonra yaxşı çıxış edir, ardıcıl qələbələr qazanır. Amma evdə oynaycağıq və bu amildən istifadə etməliyik. Ümumiyyətlə, qış fasiləsinə qədər keçirəcəyimiz bütün oyunları qələbə ilə başa vurmaq haqda düşünürük.