Köşə yazıları

“Milçəköldürən”

"Neftçi"dəki vəziyyət düşündüyümüzdən də ağırdı. Sizə elə-belə gəlməsin, artıq qoluyoğunların yanına bir də "sözbazlar" gəlib.

Əslində, son illər "Neftçi" adına heç nə qaydasında getmir. Uğursuz nəticələr və bunun fonunda da yersiz, özünü "yandıran" açıqlamalar.

Xəbərdarsınız ki, "Neftçi" klubunda Müşahidə Şurası yaradıldı və bura sədr yazıçı Çingiz Abdullayev seçildi. Bəli, qələmi ilə təkcə Azərbaycana deyil, bütün dünyaya səs salan Çingiz Abdullayev… Dünənə kimi "dedektiv janrın atası"nın futboldan başının çıxıb-çıxmaması müzakirə obyekti idi. Hərçənd, digər klublarımızın başında duran şəxslərin futbola yaxından-uzaqdan heç bir dəxli olmadığından Abdullayevin də "Neftçi" kimi komandaya rəhbərlik etməsi böyük rezonans doğurmadı. Təbii ki, təəccüb öz yerində. Zamanla bu qərarın futbolumuza hansı effekt verəcəyini maraqla gözləyirik.

Keçək məsələnin digər tərəfinə. Abdullayev ötən gün mətbuata verdiyi açıqlama ilə idman mediasında çalışanları milçəyə bənzədib. Bu söz kimlərə şamil olunub-olunmaması başqa söhbətin mövzusudu. Hər halda ortalıqda bir milçək var və həmin həşəratın kim olduğunu kiçik də olsa araşdıraq.

Abdullayevə verilən sual və yazıçının verdiyi cavab:

Jurnalist: Mətbuatda yazılanlara reaksiyanız necə oldu?

Ç. Abdullayev: Yazıçı kimi nəsə yazanda məndən soruşurdular ki, niyə cavab vermirsən. Mən onlara bunu deyirdim: "Abidə milçəyə cavab verməz".

Gözəl – Abdullayev özünü abidəyə bənzədib. Xoşdu, qəbul edirik. Öncə də qeyd etdiyim kimi, böyük qələm ustasını elə biz özümüz böyük abidəyə bənzədərik və ya bənzədirik. Ancaq çəkilən zərb-məsəldə "milçək" də var. Bəli, bəzi yoluxucu xəstəlik mikroblarını yayan qoşaqanadlı həşərat – "MİLÇƏK".

Abdullayev ona "Yazıçı hara, futbol hara" – kimi yazan, fikir mübadiləsi aparanlara məhz bu adı verdi. "Neftçi"nin Müşahidə sədrinin jurnalistlərə qoyacağı hörmətin çəkisi "milçək" ağırlıqında olacaq. Məsələnin görünən tərəfi budu. Hər halda Abdullayev ilk iddialı açıqlamasında təhqirə yol verdi. Təhqir etdi! Özü də "milçək" deyərək. Bu həşəratın adının altında nə gizlənmir ki?: mikrobları yaymaqla məşğul olan, vızıltısı ilə baş-qulaq aparan, ən mundar şeyin belə üstünə qonan həşərat. Zərb-məsəldə zərbə zərbənin ardınca. Yazıçı obrazlı şəkildə, "bədii üslubda" mediaya ilk zərbəsini endirdi.

Açığı bu, Abdullayevdən gözlənilməz açıqlama oldu. Ancaq "Neftçi"də az qala hər kəsin bu tip açıqlamalar verdiyini nəzərə alsaq, şoka düşməyimizə ehtiyac yoxdu. 24 saatdan bir qədər artıq olardı ki, "Neftçi"li olmuşdu Abdullayev. Bu qədər tez sirayət edəcəyini gözləmədiyimizdən, təəccüb içindəyik!

Gəlişi ilə hay-həşir salmaq deyərlər buna. Qədəmlərin mübarək, Abdullayev!


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43