26 Dekabr 2024
Premyer Liqa

Milinko Pantiç: “Rəvan”ın oyunçularının hərəkətlərinə görə utanırdım”

Topaz Premyer Liqasının 11-ci turunda “Rəvan” “Bakı” ilə qarşılaşdı. Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən oyun qolsuz heç-heçə ilə başa çatdı – 0-0.

Şahin Diniyev, “Rəvan” klubunun baş məşqçisi: “Bugünki oyunda göstərdikləri əzmkar oyuna görə futbolçularıma öz təşəkkürümü bildirirəm. Keçən oyunda oyunçularım 45 dəqiqə fiziki cəhətdən hazır idilər. Bu oyunda 60-70 dəqiqə gözləyirdim, elə də oldu. Qalan dəqiqələr isə futbolçuların əzmkarlığından asılı oldu. Ona görə də onlara minnətdaram. Heyətimizdə alternativin olmaması əvəzetmələrdə çətinlik yaradırdı. Buna baxmayaraq, oyunçular öz əzmkarlığını göstərdilər”.

Milinko Pantiç, “Bakı” klubunun baş məşqçisi: “Biz hər oyunda qalib gəlmək istəyirik. Oyunun əvvəllərindən hiss olunurdu ki, rəqib oynamaq istəmir. “Rəvan”ın oyunçularının hərəkətlərinə görə utanırdım. Özlərini yerə yıxıb vaxtı uzadırdılar və hakim də buna göz yumurdu. Oyunçular hər yerə yıxılanda 5 dəqiqə yerdə qalırdılar. Oyun 120 dəqiqə davam etməli idi. Ümumilikdə 90 dəqiqənin 25 dəqiqəsini futbol oynadıq. Əslində hakimdən narazı deyiləm. Mən futbolu çox sevirəm və oyunçularıma belə etməyə icazə vermərəm. İspaniyada bir futbolçu başqa komandaya icarə əsasında veriləndə o, öz komandasına qarşı oynaya bilməz. Burda isə belə bir şey yoxdur”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43