Topaz Premyer Liqasının 10-cu turunda “Bakı” doğma meydanda AZAL-la qarşılaşdı. Qarşılıqlı hücumlar şəraitində keçən oyun 2-2 hesablı heç-heçə ilə başa çatdı.
Vaqif Sadıqov, AZAL klubunun baş məşqçisi: “Oyunun çox ağır keçəcəyini biliridk. Hər iki komanda üçün həlledici oyun idi. Turnir cədvəli göstərir ki, hər iki komandada həm irəliləyiş, həm də eniş ola bilər. Qol imkanlarımız oldu, fikrimcə, heç-heçə oyunun ədalətli nəticəsidir. Bilirdik ki, hücum xətti fəal olan bir komandaya qarşı mübarizə aparacağıq. İlk hissədə müdafiədə buraxdığımız kobud səhvlər bizi ağır vəziyyətə salmışdı. AZAL komandasının ruhu var, bugünkü oyunda biz bunu bir daha sübut etdik. Ruslan Məcidovun çıxışı məni qane edir, ona görə onunla davam edirik”.
Milinko Pantiç, “Bakı” klubunun baş məşqçisi: “Belə oyundan sonra sevinə bilmərəm. 2-0 irəlidə olan zaman rəqib hesabı bərabərləşdirdi. 90 dəqiqə ərzində bəxtimiz gətirmədi. Futbolçularım sona qədər mübarizə apardı. Növbəti dəfə həm mən, həm də yetirmələrim soyunub-geyinmə otağına girəndən sonra hakimlikdən narazılıqlarını bildirdilər. Dedilər ki, biz nə edək ki, hakimlik normal olsun?. İdmançıyam, Azərbaycanın futboluna fayda vermək üçün bura gəlmişəm. Çox pis oluram ki, soyunub-geyinmə otağında 28-30 yaşlı futbolçularım mənə deyirlər ki, nə vaxta kimi bu belə davam edəcək? Nə edək ki, bizə qarşı belə münasibət olmasın? Bura gəldiyim ilk gündən bəri hamı ilə yaxşı münasibətdə olmağa çalışıram. Bilmirəm nələr baş verir, günahım nədir? Bəlkə də keçmişdən bizim kluba qarşı nəsə qalıb? Həmişə futbolçularıma deyirəm ki, meydanda hakimə dəstək olsunlar, kömək etsinlər. İnsanıq, səhv ola bilər hər şeydə. Artıq kifayətdir, bilmirəm nə deyim, günah nədədir, səbəb nədir? Bu şeyləri bilmirəm. İşləyirik, məşqlərimizi davam etdiririk, hazırlaşırıq, sona qədər mübarizə aparırıq, amma bilmirəm nədir? Öz oyunçularımla fəxr hiss duyuram, nələri var idi bu gün meydançada qoydular. AZAL-ın qapıçısını da təbrik etmək istəyirəm. Həyatının ən yaxşı oyununu oynadı. Bundan yaxşı, məncə, mümkün deyil. Çempionat irəlidədir. İlk dövrədə AZAL-a məğlub olmuşduq. Bu gün heç-heçə elədik, 1 xal qazandıq, onlar da xal itirdi. Həm mən, həm də komandam sona qədər mübarizə aparacağıq, sona qədər futbol oynayacağıq. Heç nəyə baxmayaraq, üzümü hakimlərə tutub deyirəm ki, sona kimi onların dostu olacam, yaxınlıq edəcəm. Qalanları öz işidir, nə istəyirlər etsinlər. Elxan bu gün ilk oyununu keçirdi, çox yaxşı oynadı, yaxşı futbolçudur. Gələcəkdə də bir sıra gənc futbolçulara şans verməyi düşünürəm. Azərbaycan futbolundakı istedadları üzə çıxarmağa çalışacağam”.