Milli komanda

Millimizin baş məşqçisi: “Niyə belə olduğunu anlaya bilmirəm, bu, mənim üçün inanılmazdır”

“Futbolda 0:6, 0:10 və hətta daha böyük hesabla uduzmaq mümkündür, belə hallar olur. Amma necə məğlub olmaq da əhəmiyyətlidir. Oyun nə qədər alınmasa belə, gərək mübarizədən qopmayasan, məğlubiyyətlə barışmayasan. Təəssüf ki, bu gün komandada istədiyim mübarizliyi görmədim”.

İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, bu sözləri 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Nikolay Adam İrlandiyaya 0:6 hesabı ilə uduzduqları matçdan sonra deyib.

O, futbolçularının demək olar ki, bütün təkbətək epizodlarda rəqibə uduzduğunu söyləyib:

“Belə halla ilk dəfə rastlaşmırıq. Avropa çempionatının ilkin seçmə mərhələsi ərəfəsində də Makedoniya yığmasına əzmkarlıq göstərmədən 0:2 hesabı ilə uduzduq. Amma komanda bundan dərs çıxarıb elit-raunda yüksəldi. Əlbəttə, hadisələrin eyni ssenari üzrə təkrarlanacağını deyə bilmərəm”.

N.Adamın sözlərinə görə, bu cür oyunla heç bir futbolçunun millinin formasını geyinməyə haqqı çatmır:

“Məşqçilər korpusu, xüsusilə mən çox məyusuq, çünki komanda ilə bağlı birbaşa məsuliyyəti, cavabdehliyi mən daşıyıram. Ən çoxu da, komandanın ruhdan düşməsi məni təəssüfləndirir. İrlandiya yığmasına hörmətlə yanaşıram, amma bu komanda bir neçə gün əvvəl iki dəfə qarşılaşdığımız Finlandiya, seçmə mərhələdə oynadığımız Sloveniya yığmasından güclü deyil”.

N.Adam bildirib ki, 0:6 hesablı məğlubiyyətinqeydə alınmasının əsas səbəbi futbolçuların xarakter göstərməməsidir:

“Niyə belə olduğunu anlaya bilmirəm, bu, mənim üçün inanılmazdır. Belə oynasaq, Fransada keçiriləcək elit-raund mərhələsində işimiz çox çətin olacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43