“Qrupdakı digər oyunun nəticəsi bizi çox da maraqlandırmırdı. Biz meydana qələbə qazanmaq üçün çıxmışdıq. Qarşımıza qoyulan vəzifə isə əlimizdən gələnin ən yaxşısını etmək idi”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri bu gün Avropa çempionatının təsnifat mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan (U-19) – Bosniya və Herseqovina (U-19) matçından sonra millimizin kapitanı Bəhlul Mustafazadə deyib.
Matçdakı yeganə qolun müəllifi olan Mustafazadə qarşıya qoyulan vəzifənin öhdəsindən qismən gəldiklərini bildirib: “Qələbə qazandıq, ancaq hətta ikinci topu da vursaydıq, elit-mərhələyə Türkiyə yığması yüksələcəkdi, çünki onlar Ukraynaya qalib gəldi. Qrupdakı birinci oyundan fərqli olaraq, sonrakı iki oyunda göstərdikləri oyuna görə komanda yoldaşlarıma təşəkkür edirəm. Hər biri əlindən gələni etdi”