İdman

Millimizlə qarşılaşmaq Qazaxıstanın baş məşqçisinin lap ürəyincə imiş…

“Yoldaşlıq görüşü istəyimizi müsbət cavablandırdığı üçün AFFA-ya təşəkkür etmək istərdim. Qazaxıstan Futbol Federasiyası ən yaxın oyunumuzu evdə keçirməyimiz üçün maksimum səy göstərdi. Biz öz stadionumuzda oynamaq istəyirik. Çünki UEFA Millətlər Liqasındakı ilk görüşümüz Qazaxıstanda olacaq”.

İdmanxeber.com-un məlumatına görə, bunu Qazaxıstan milli komandasının baş məşqçisi Stanimir Stoilov Azərbaycan yığması ilə keçirəcəkləri yoldaşlıq görüşü barədə danışarkən deyib. Bolqarıstanlı mütəxəssis rəqib kimi Azərbaycanı təsadüfən seçmədiklərini bildirib: “Bu komanda Millətlər Liqasındakı rəqibimiz və ilk turda üz-üzə gələcəyimiz Gürcüstanla oxşar oyun sərgiləyir. Rəqibi ağılla seçmək lazımdır. Azərbaycan yığması ilə görüş yaxşı sınaq olacaq. Bu komanda son zamanlar sürətlə inkişaf edir. Onlar kombinasiyalı və texnikalı oyun sərgiləyirlər. Üstəlik, komandanın sükanı arxasında təcrübəli baş məşqçi dayanıb. Bu faktı qeyd etmək lazımdır ki, son illər Azərbaycanda klub futbolu bütün parametrlərdə daha da yaxşılaşıb”.

Qeyd edək ki, iyunun 5-də “Astana Arena”da keçiriləcək Qazaxıstan – Azərbaycan matçı Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43