26 Noyabr 2024
Dünya futbolu

“Millinin Estoniya qələbəsini niyə aşağılıyırıq?”

Milli komamdamızın sabiq futbolçusu Amit Quluzadə yığmamızın AVRO-2024 seçmə mərhələsindəki Estoniya qələbəsi və qarşıdakı oyunlarda şanslarını dəyərləndirib.

O, idmanxeber.az saytına verdiyi müsahibədə komandamızın baş məşqçisi Canni De Byazinin gələcəyi ilə bağlı da fikirlərini bildirib.

– Millinin Estoniya qələbəsi qarşıdakı oyunlar üçün müəyyən ümid yaradıb. Ancaq çoxları rəqibin zəif olduğunu ön plana çıxarır. Siz nə düşünürsünüz?

Rəqibi zəif adlandırmaq olmaz. Estoniya Baltikyanı ölkələr arasında ən yaxşılardan biridir. Onların futbolu da aşağı-yuxarı bizimlə eyni səviyyədədir. Səfərdə rəqibi yaxşı oyunla məğlub etmişiksə, qələbəni kiçiltməyin mənası yoxdur. Futbolçular yaxşı mübarizə apardı, rəqibdən də üstün oyun göstərdi. Bizim üçün ideal nəticə bu idi. Estoniya üzərindəki qələbəyə görə, milliyə təşəkkür düşür. Niyə bu qələbəni aşağılıyırıq? Gah deyirik rəqib zəifdi, gah başqa bir söz tapırıq. Meydanda mübarizə aparan oyunçuların əziyyətini yerə vurmağa çalışırlar. Yığmamız kifayət qədər yaxşı oyunla əla nəticə qazanıb.

– Avstriya matçında da həmin nəticəyə ümid var?

Bu görüş daha çətin olacaq. Onlar demək olar ki, qrupdan çıxmağı təmin edib. Evdə oynacağımız üçün müəyyən ümid var. Estoniyaya qarşı yaxşı nəticə bunu deməyə əsas verir. Yaxşı əhval-ruhiyyədə çıxacağımız oyunda Avstriyadan xal və ya xallar qazanmaq olar. Bu gün Azərbaycan qalib gəlsə, mənim üçün sürpriz olmaz. Təbii ki, çətindir. Rəqib fiziki baxımından Avropanın ən güclü komandalarından biridir. Amma biz Bakıda çoxlarına qarşı yaxşı nəticə qazanmışıq. 

– Qrupda ümumən 4 xalımız var. Bunu necə dəyərləndirirsiniz?

Qrupumuz çox çətin idi. Bizə lazım olan Estoniyaya uduzmamaq və digər rəqiblərdən xal almaqdı. Kim deyirsə, qrupdan çıxmalıyıdıq, düzgün deyil. Kimlərəsə yaxşı görünmək üçün yalan danışmağa ehtiyac yoxdur. Digər qruplara baxanda güclü rəqiblərlə mübarizə apardıq. Nə qədər çox xal toplayarıqsa, bizim üçün daha yaxşı olar. Boş xəyallar qurmaq lazım deyil. Yaxşı heyətimiz ola bilər. Amma bu qrupda xəyal qurmağa ehtiyac yoxdur. 

– Canni De Byazi ilə yola davam edilməlidir, yoxsa yox?

Gedib-getməyəcəyi ilə bağlı konkret nəsə demək olmur. Qalsa, milliyə hansı fayda olacaq? Getsə, nə əldə edəcəyik? Bu suallara cavab tapmaq lazımdır. Buna 5-6 cümlə ilə cavab vermək çətindir. Məncə, Canni De Byazi millidə pis iş görməyib. Ayrı kim necə düşünürsə, özü bilər. 

– Millinin indiki heyətini tarixin ən güclüsü adlandırırlar. Razılaşırsınız bununla?

Tam razıyam. Millinin hazırki heyət səviyyəsi heç də Avropanın ortabab komandalarından geri qalmır. Çox yaxşı kollektiv, istedadlı uşaqlar var. Bu komanda ilə nəsə etmək olar. Amma məsələ budur ki, hədəf nədir? Qrupdan çıxmaqdırsa, real məqsəd deyil. Yox, niyyətimiz hamıdan xal almaqdırsa, bunu nisbətən bacara bilərdik. Əldəki oyunçular buna qadirdir.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43