06 Dekabr 2024
Kateqoriyasız

Minifutbol üzrə Avropa çempionatının Azərbaycanda keçirilməsi müzakirə olunub

Azərbaycan Minifutbol Federasiyasının (AMF) fəxri prezidenti Orxan Məmmədov ölkədə səfərdə olan Dünya Minifutbol Federasiyasinin (WMF) prezidenti Filip Yuda, Avropa Minifutbol Federasiyasının (EMF) prezidenti Borislav Aleksandrov və qurumun vitse-prezidenti Peter Kralik ilə görüşüb.

AMF-dən verilən məlumata görə, qonaqlara ölkədə minifutbolun inkişaf perspektivləri ilə bağlı məlumat verən Orxan Məmmədov Azərbaycan millisinin Avropa çempionatında qazandığı çempionluqdan danışıb.

O bildirib ki, bundan sonra ölkədə minifutbola maraq daha da artıb.

Azərbaycan minifutbolçularının gələcək beynəlxalq yarışlarda, dünya çempionatında da uğurla çıxış edəcəklərinə ümidvar olduğunu söyləyən Borislav Aleksandrov Bakıda bu idman növünün təbliğat işlərinin yüksək səviyyədə aparıldığını, daxili çempionatların hər zaman yüksək səviyyədə keçirildiyini, bu işdə Azərbaycan Minifutbol Federasiyasının səmərəli fəaliyyətini xüsusi vurğulayıb.

Avropa Minifutbol Federasiyasının vitse-prezidenti Peter Kralik Avropa çempionatının hesabatını təqdim edərək Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını söyləyib. O, idmanın inkişafına dövlət səviyyəsində göstərilən diqqətin dəfələrlə ümumdünya idman təşkilatları və federasiyaları tərəfindən qiymətləndirildiyini bildirib.

AMF-nin prezidenti Taleh Nəsibov və vitse-prezident Azər Hüseynovun da iştirak etdiyi görüşdə minifutbol üzrə Avropa çempionatının Azərbaycanda keçirilməsi, bu idman növünün ölkədə inkişaf perspektivləri və millinin qitə çempionatındakı çıxışı müzakirə edilib.

Qonaqların gənclər və idman naziri Fərid Qayıbovla və digər səlahiyyətli rəsmilərlə görüşü nəzərdə tutulur. Onlar həmçinin, ölkənin idman infrastrukturu ilə tanış olacaq, millinin hazırlıq prosesini izləyəcəklər.

Qeyd edək ki, minifutbol üzrə milli komanda tarixində ikinci dəfə qatıldığı Avropa çempionatının finalında Rumıniyaya 1:0 hesabı ilə qalib gələrək qızıl medala sahibi olub.

Cari ilin iyunun 14-də Prezident İlham Əliyev minifutbol üzrə Avropa çempionatının qalibi olan yığma üzvlərini qəbul edib. Görüşdə gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Minifutbol Federasiyasının və “Zirə” Peşəkar Futbol Klubunun fəxri prezidenti Orxan Məmmədov da iştirak ediblər. Həmçinin, dövlət başçısının Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Minifutbol Federasiyasına bir milyon manat ayrılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43