Premyer Liqanın 21-ci turunun “Neftçi” – “Zirə” matçından sonra ev sahiblərinin baş məşqçisi Samir Abasov mətbuat konfransında iştirak edib.
İdmanxeber.az xəbər verir ki, Abasov bunları deyib:
“Əfsuslar olsun ki, öz komandam adına maraqlı bir şey deyə bilmərəm. “Zirə” bizdən üstün və yaxşı idi. Biz isə öz növbəmizdə heç nə göstərə bilmədik. Ayrı-ayrılıqda futbolçular da bir şey göstərə bilmədi. Çalışıram ki, bu vəziyyəti anlayam. Artıq ikinci ildir ki, belə hallarla rastlaşmışıq. Milli pauzdan sonra millidən gələnlərin performansında yerlə-göy qədər fərq olur. Hansı ki, komandamıza təsir edir. Nəsə oynayasan ki, danışasan. Özümüz nəsə etməliyik ki, danışa bilək. Rəşad Sadıqov məndən daha çox danışa bilər. Çünki onun komandası daha yaxşı idi.
– Eddi İsrafilovun qırmızı vərəqə epizodu haqda fikriniz necədi?
– Xalların əldən çıxmasında tək günahkar Eddi deyil. Epizodu xırdalayırıqsa, Eddi bəlkə də məcbur idi qırmızı alsın. Ümumiyyətlə, biz bu gün meydanda yox idik.
– Azər Əliyev məsələsi nə yerdə qaldı?
– İnanın mənə 2 ayda tutarlı cavab ala bilməmişəm. Bizə yox, komandamıza təsir edir.
– Kimdən ala bilmirsiz cavabı?
– Deyilənlərə görə özü üçün maraqlıdı yerli statusu ilə oynamaq. Ətrafında nələr baş verir, proses nədir, bilmirəm. Nələr baş verdiyini yaxşısı budu, klubdan, özündən və AFFA-dan soruşasınız. Onlar da cavab vermirsə, çətindi vəziyyət.
– Mirabdulla Abbasovu oyun praktikası qazanması üçün əvəzedici heyətə göndərmisiz?
– Xeyr, gizlətməyəcəm. Mirabdulla bizə lazım deyil. Ona görə əvəzedici heyətə göndərmişik.
– Sizin günahınız nə qədərdi xal itkisində?
– Komanda oynamırsa başda baş məşqçi günahkardı. Eddi qırmızı aldı deyə, xal itirdik demək düz deyil. Bizik günahkar. Bu məsələlərə girməyək. Baş məşqçi mənəm. Çalışıram anlayam vəziyyəti. Keçən il əla gedirik. Milliyə futbolçular getdilər, gəldilər “Sumqayıt”a 0:2 uduzduq. Bu baş verir. Maltaya, Latviyaya uduzublar, tənqidlər var idi. Bəlkə də onlar oynamalı deyildi bu gün. Mənim günahım var burada. Bəs yaxşı, digərləri oynasa onların yerini verəcəklər? Bu da sualdı.
– Ötən ilki Emin Mahmudov və builki Emin arasında hansı fərq var?
– Son aylarda Eminin performansında düşüş var. Hansı ki, komandaya təsir edir. Bəlkə də keçən ilkinin də təsiri var. İlin oyunçusu olub, diqqət ondadı. Bu günləri “Neftçi”nin yükünü Buqrin və Kane ilə bölüşmür. Bəlkə bunun altından çıxa bilmir. Görünən odur ki, Eminin pis və ya yaxşı oynaması, bizə təsir edir.
– “Neftçi” bundan sonra daha çox səfərdə oynayacaq. Bu barədə fikriniz necədi?
– Buna alışmışıq. Əlimizdən gələn bir şey yoxdu. Buna görə hazırlaşacağıq. Bəhanə olmayacaq. “Neftçi” kimi komanda səfər və ev oyunu fikirləşməməlidi.
– Keysuke Honda klubsuz qalıb. Ona ehtiyacınız var?
– Honda gələndə də ötən il birinci idik. O, gəldi bizi birinci etmədi. Onsuzda birinci idik. Qış çempionu kimi getdi. Onda digər uşaqlar neynədi? Qismətdisə, Honda ilə də ola bilərdik. İndi Hondasız ikinci yerdəyik. Əlbəttə ki, o cür təcrübəliyə ehtiyacımız var. Qapılarımız onun kimi oyunçulara açıqdı. Bura gələndə şahid oldum, futboldan kənar çox şeylər öyrəndi. İnanmıram ki, özü də bura gəlmək istəyirəm.
– “Neftçi”nin əvvəlki məşqçiləri milli haqda da həmişə şərh verərdi. Sizcə, milli niyə bu durumdadı?
– Digər məşqçilərdən fərqli olaraq milli haqda danışmaq istəmirəm.