Ölkə futbolu

Mirça Rednik: “Ad açıqlamayacağam, ancaq…”

Rumın mütəxəssis bu gün Belçika klubu ilə anlaşacaq…

 

“Xəzər Lənkəran” azarkeşlərinin sevimlisi olan Mirça Rednikin Lənkərana səfəri bu gedişlə baş tutmayacaq. Hələ avqustun sonunda ölkəmizə gələcəyini və yerli tərəfdarlarla görüşəcəyini bildirən rumın mütəxəssisin istəyi baş tutmamışdı. Bunu klubdakı işindən ayrılması ilə əlaqələndirən Rednik daha sonra sentyabrı işarə vermişdi. Görünən budu ki, “Xəzər Lənkəran”ın sabiq çalışdırıcısı bu ay da gəlməyəcək.

 

Son duruma aydınlıq gətirmək üçün dünən səbəbkarla əlaqə saxladıq.Məşqçi yubanmasının səbəbini belə izah etdi: -“Lənkərana səfər etməyi inanın ki, sizdən və azarkeşlərdən çox özüm istəyirəm. Ancaq heç cür alınmır. Xatırlayırsınızsa, sizinlə söhbətdə “hansısa klubla müqavilə bağlamasam gələcəyəm” demişdim. Ancaq sabah (bu gün) klub rəhbərliyi ilə görüşüm olacaq. Ciddi heç nə baş verməsə, yeni komandamla müqavilə bağlayacağam. Ad açıqlamayacağam, ancaq Belçika təmsilçisi olduğunu deyə bilərəm. Belə vəziyyətdə Azərbaycana gəlməyim mümkünsüzdü. İlk növbədə işimi həll etməliyəm. Ondan sonra azarkeşlərlə görüşmək üçün vaxt müəyyənləşdirəcəyəm. Cənublu fanatlardan üzr istəyirəm. Sağlıq olsun, ciddi heç nə baş verməsə, qışda 100 faiz gələcəyəm.”

 

“Futbol+” qəzeti


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43