Kateqoriyasız

“Molde”nin “Qarabağ” qorxusu

“Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi  “Molde”nin hər cəhd ilə Bakıya gəlməkdən yayınmasından xəbərdarsız. Klub mövqeyini Norveç hökumətinin qərarına əsasən ölkədən giriş-çıxış zamanı 10 gün karantinə alınması ilə bağlayır. Bu səbəbdən də, “Molde” tərəfi iddia edir ki, görüş neytral meydanda –  qısacası onlar deyən ölkələrdə keçirilsə daha yaxşı olar. Olduqca qeyri-peşəkar yanaşma.

Bəlli məsələdir ki, görüşün harada keçirilməsindən asılı olmayaraq matçın favoriti “Qarabağ”dı. Ağdam klubunun gücü, eləcə də uzun yol “Molde”ni qorxudur və buna görə də qərara gəliblər ki, öncə “Qarabağ”a müraciət etsinlər. Bakıdan rədd cavabı alan norveçlilər ində də UEFA-dan istədikləri xəbəri gözləyir.

UEFA “Molde”yə çox güman ki, “yox” deyəcək və deməlidir də. Çünki “Molde” pley-offa deyək ki, vəsiqə qazandı, o zaman necə edəcək? Təsnifat mərhələlərindən fərqli olaraq pley-off matçları ev-səfər prinsipi ilə keçirilir. O zaman burada bir sual yaranır –  komanda pley-offdadı və bir həftə ərzində Norveç hökümətinin 10 gün karantinə alınması ilə bağlı qərarı qüvvədənmi düşəcək? Təbii ki, yox. Yenəmi neytral meydan? Bu da heç inandırıcı görünmür.

Başqa bir misal, sentyabrın 4-də Millətlər Liqasına start verilir və Norveç millisi Avstriyanı qonaq edəcək. Məntiqlə Avstriya millisi Norveçlə görüşə çıxmadan öncə 10 gün karantinə alınacaq?

Son olaraq bildirək ki, klubun baş məqçisi bugün verdiyi açıqlamada matçın neytral meydanda olacağına ümid etdiyini, yalnız bu halda güclərin bərabər olacağını bildirib:

“Ümid edirəm ki, “Qarabağ”la oyun neytral meydanda keçiriləcək. Onda biz bərabər şərtlərdə olardıq. Əlbəttə, matçın yerinin dəyişdirilməsi bizim üçün müsbət məqam olar. İstənilən halda, evdən kənarda oynamağımız rəqib üçün üstünlükdü”.

Göründüyü kimi, klub “Qarabağ”la özlərinə sərf edən şərtlərdə mübarizə aparmaq istəyir. Norveç klubunun Bakıdan aldığı rədd cavabı üzərinə UEFA-ya müraciət etməsi ümid edək ki, onların haqlı olaraq “yox” cavabı eşitmələri ilə nəticələnəcək.

Bir daha qeyd edək ki, “Qarabağ” tərəfi Azərbaycan dövlətinin matçın ən yüksək səviyyədə keçirilməsi üçün şərait yaratdığını rəsmi şəkildə həm kluba, həm də UEFA-ya bəyan edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43