18 Oktyabr 2024
Ölkə futbolu

“Mövsüm başlayanda çempionluq barədə danışılmayıb, söz verilməyib”

“Çox gərgin və maraqlı oyun keçdi. Bunu əvvəldən də bilirdik. Futbolçularım xarakter göstərdi. İlk hissədə öndə olsaq da, ikinci yarıda geri düşdük. Amma yenə də qələbə qazana bildik. “İmişli” kimi komandaya qarşı geridönüş etmək asan deyil. Dəstəklərinə görə azarkeşlərə də təşəkkür edirəm”.

Bu sözləri İdmanxeber.az saytına “Karvan”ın baş məşqçisi Kənan Kərimov “İmişli” qələbəsi (3:2) sonrası deyib. O, daha sonra belə davam edib:

“Beş oyunda maksimum nəticə oldu. Açığı, 5 oyunun hər birində qələbə qazanacağını heç kim gözləməz. Amma zirvə üçün vuruşuruq. Məqsədimiz liderliyi qorumaqdır. Çempionluq üçün danışmaq indi çox tezdir. Qarşıda çoxlu oyunlar, sürprizlər var. Çalışacağıq ki, liderliyi qoruyaq.

Rəhbərlik bizə hər şəraiti yaradıb. Mövsüm başlayanda çempionluq barədə danışılmayıb, söz verilməyib. Yaxşı komanda yaradıb, yuxarı pillələrdə olmaq deyilmişdi. Hələ cəmi 5 tur geridə qalıb. Yarış qabaqdadır. Güclü komandalar var çempionatda. Biz hələ “Qəbələ” ilə üz-üzə gəlməmişik. Çətin oyunlar olacaq. Açığı, liqada aşkar favorit yoxdur. Son turlara qədər gərgin mübarizə gedəcək”.

Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43