Topaz Premyer Liqasının X turunun “Sumqayıt” – “Qarabağ” oyununda avtoqol qeydə alınıb. Meydan sahiblərinin qapıçısı Anar Nəzirov topu öz qapısından keçirib. Qolkiperdən istiqamətini dəyişən topun qapıdan keçməsinin avtoqol kimi hesaba alınması ilə mövsümdə 2-ci avtoqol rəsmiləşib.
İlk belə hadisə də məhz “Sumqayıt”ın ev oyununda qeydə alınmışdı. IX turun “İnter”lə görüşündə Adil İbrahimov “fərqlənmişdi”. Nəzirov “Sumqayıt”ın tarixində öz qapısına qol vuran 4-cü futbolçu oldu. “Qarabağ” isə ölkə çempionatlarında 9-cu dəfə rəqibin qoluna sevindi.
Qeyd edək ki, 1992-ci ildən bunadək ölkə çempionatlarında heç vaxt qapıçı avtoqol müəllifi olmamışdı. Qeydə alınan 118 avtoqoldan heç birinin müəllifi qapıçı deyildi. Öz qapısına qol vuran ilk qolkiper kimi Premyer Liqa tarixinə düşən Nəzirov ümumilikdə 119-cu avtoqolu gerçəkləşdirdi.