Müsahibə

Muarem Muarem: “Qəbələ” indidən finalı düşünə bilər, amma…”

“Qarabağ”ın futbolçusu Muarem Muarem Azərbaycan kubokunun yarımfinalında “Neftçi” ilə ilk oyundan (2:0) sonra idmanxeber.com-un müxbirinin də iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.

– Rəqib qapısından ilk qolu sən keçirdin və qalib gəldiniz..

– Bu oyuna yaxşı hazırlaşmışdıq. Səfərdə iki cavabsız qol vurmaq bizim üçün böyük üstünlükdür. Amma hələ “Neftçi” ilə cavab qarşılaşmamız var. Hər şey bitməyib, diqqətli olmalıyıq.

– Azərbaycan çempionatında ev-səfər matçları arasında fərqi hiss edirsən? Demək olar ki, bütün matçlar Bakıda keçirilir.

– Bütün oyunlarda hiss olunmasa da, bugünkü (red-dünən) kimi matçlarda hiss olunur. “Qəbələ”, “Sumqayıt”la oyunlarda da rəqib azarkeşlərin dəstəyin görmək olur.

– 2:0 hesabı ilə qalib gəlsəniz də, hələ də finalın qapısını açdığınızı düşünmürsünüz…

– İndidən finala vəsiqə qazandığımızı düşünmürəm. “Neftçi” yaxşı formadadır. Qış fasiləsindən sonra heyətlərin gücləndirdilər və “Qəbələ”, “İnter” kimi komandaları məğlub etdilər.

– Səncə, “Neftçi”nin bugünkü zəif çıxışının səbəbi nə idi?

– Onları yaxşı analiz etmişdik. Öz oyunumuzu oynamağa başladıq və erkən qolu vurduq. Kənardan asan görünə bilər, çətin idi.

– Oyundan əvvəl “Neftçi”nin 80 illik yubiley tədbiri oldu. Belə gündə “Neftçi”ni məğlub etmək istəyi daha çox deyildi?

– Xəbərim var. Amma komanda olaraq bu barədə düşünməmişik.

Qələbə qazanacağınız təqdirdə xüsusi mükafat vəd olunmuşdu?

– Xeyr, belə bir söhbət olmayıb.

– Əsas rəqibiniz “Qəbələ” də Azərbaycan kubokunun digər yarımfinal matçında “İnter”i səfərdə 1-3 məğlub etdi…

– “Qəbələ” indidən finalı düşünə bilər, amma bizim üçün hələ tezdir.

– Bu mövsüm ancaq “Qəbələ” və “Qarabağ”ın yarışı olduğunu demək olarmı?

– Çempionatın ilk günlərində bəzi komandalarda problemlər vardı. “Neftçi” daha öncədən belə formada olsaydı, bizimlə bərabər çempionluq yarışında olardı. Ümid edirəm ki, gələn il daha da yaxşılaşar, çempionat, komandalar da güclənər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43