“Qəbələ” ilin son oyununda vacib qələbə qazandı. Əyalət təmsilçisi əgər bu matçda meydanı xalsız tərk etsəydi, psixoloji cəhətdən ciddi zərbə alacaqdı. Rəqibin “Sabah” olması uğursuz nəticə olacağı ehtimalını qüvvətləndirmişdi. Ancaq “qırmızı-qaralar” çətin keçən dönəmi vacib qələbə ilə tamamladı. Bu, həm futbolçular, həm də baş məşqçi Elmar Baxşıyev üçün yaxşı bir nəfəs dərmək oldu.
“Sabah” isə mövsümdə bir neçə dəfə olduğu kimi yenə gözlənilməz oyun sərgilədi. Komandanın potensialının altında çıxış etməsinin dəqiq səbəbi hələ də bəlli deyil. Hər qazanılan qələbədən sonra “özlərinə gəldilər” havası cəmi bir-iki tur davam edir. Daha sonra yenidən əvvələ qayıdırlar.
“Qəbələ” ilə görüşdə ərazi üstünlüyü “bayquşlar”da olsa da, oyun olaraq yaradıcılıq istənilən səviyyədə deyildi. “Sabah” başdan-sona cinahlardan asma edərək rəqib qapısında təhlükə axtardı. Açıq desək, müdafiəsi o qədər güclü olmayan “Qəbələ”yə qarşı ciddi epizod yarada bilinməməsi düşündürücüdür. Özündən kifayət qədər zəif rəqibə qarşı hesabda geri düşən “Sabah”dan gözlənilən oyun bu deyil.
Heyətdə Namiq Ələsgərov, Aleksey İsayev, Anatoli Nuriyev kimi texnikalı futbolçular olsa da, bu ayaqlar gözlənilən performansı sərgiləmədi. “Sabah” meydanın rəqibə aid tərəfində sıxıntı yaşayır. Komandanın ümumən məhsuldarlığı pis görünməsə də, bu çıxışı stabil görə bilmərik. “Qəbələ” və “Araz Naxçıvan” görüşlərində irəli xəttədəki dirənmə məğlubiyyətlərin əsas səbəbidir. Musayev ikinci dövrə bu sorunu həll edə bilsə, ardıcıl qələbələr görə biləcək.
Baş məşqçi də problemin fərqindədir. O, bəzi futbolçularının tam hazır olmadığını bildirdi. Ötən mövsümkü komandanın olmayacağını da sözlərinə əlavə etdi. Maraqlı açıqlamadır. Niyə olmayacaq? Hazırkı heyət səviyyəsi ötən mövsümkü “Sabah”dan zəif deyil. 2-3 əsas oyunçunun ayrılması dünyada bütün klublara təsir edər. Amma nəzərə alaq ki, paytaxt təmsilçisi həmin futbolçuların yerini boş qoymayıb.
Məsələn, “Qəbələ”nin hazırkı aqibəti başa düşüləndir. Çünki heyətin bütün yaxşı üzvləri komandadan ayrıldı. Yeni gələnlərlə gedənlər arasında isə böyük səviyyə fərqi var. Amma “Sabah”da vəziyyət belə deyil. Komandaya yaxşı oyunçular cəlb edilib. Onları hazırlamaq, yenidən toparlamaq isə rusiyalı mütəxəssisin işidir. Musayev avrokuboklara apardığı heyət üçün də illərini verməmişdi. Demək olar elə qısa vaxta bunu bacara bildi. Amma bu mövsüm hələlik alınmır. Düzdür, axtarışları davam edir. İtirilən heç nə yoxdur. “Sabah”ın yenidən avrokuboklara qatılacağı da şübhə doğurmur. Qarşıdakı fasilə isə çarəni tapmaq üçün yaxşı fürsətdir. Səmərəli keçirilib yenidən bərpa olunmaq mümkündür.
Problemli daha bir mövqe isə qapıçı məsələsidir. Baş məşqçi hər üç qolkiperdən – Nicat Mehbalıyev, Rustam Samugullin və Yusif İmanovdan istifadə etmək istədiklərini bildirir. Maraqlıdır ki, heç bir komanda indiyə qədər bu üsulu yoxlamayıb. Stabil olaraq bir qapıçıya şans verilmirsə, heyətin bu mövqesindəki axsamanı gizlətməyə dəyməz.
İmanovun kubok görüşündə “Kəpəz”ə qarşı performansı ciddi həyəyacən yaratdığı hiss olunur. Deyəsən, güzəşt bitib. Əks təqdirdə dünən öz yerində olardı. Əslində Yusif İmanov performansına uyğun yerdədir – ehtiyat skamyasında. Dəfələrlə verilən şansdan istifadə edə bilməməsi, kobud səhvləri yavaş-yavaş özü barədə fikir formalaşdırıb. Qapıçının çıxışı heyət səviyyəsinin aşağısındadır. Gələcək oyunlarda da ehtiyatda görsək, təəccüblü olmaz.
Paytaxt təmsilçisinin yeni bir qolkiperə ehtiyacı var. Məşqçi seçimi və heç bir qapıçının stabil meydana çıxmaması bu faktı təsdiqləyir. Bu məsələdə inad etmək daha ciddi problemlərə səbəb olar. Yaxın keçmişdə bunun örnəklərini görmüşük. Üstəlik, “Sabah” sırf yerli futbolçulardan ibarət komanda deyil. Hər mövqedə az qala iki legioner oyunçu mövcuddur. Belə çıxır ki, bir tək qapıya icazə olmaz əcnəbi oyunçu? Ən əsas mövqeyə bu cür qeyri-ciddi yanaşmaq doğru deyil.
Futbol yaxşı oyunçularla nəticə qazanılan bir oyundur. “Sabah” geniş imkanları, böyük hədəfləri olan klubdur. Bu yöndə ciddi addımlar atılıb. “Öz uşağımızdı” prinsipi ilə irəliləmək, böyümək mümkün deyil. Qapıçı mövqeyi birbaşa oyunun taleyini həll edib, komandanın əməyinə təsir edən mövqedir. Belə ciddi məsələdə görünən həqiqətin əksinə xəyal qurmaq vaxt itkisidir.
Həsən Quluzadə