Müsahibə

“Mustafa Dənizli ilə hələ də görüşməmişəm” – MÜSAHİBƏ

Mövsümün ikinci yarısına hazırlıqları Türkiyədə davam etdirən “Rəvan”ın baş məşqçisi Güvənc Kurtar yerli mətbuata müsahibə verib.

– Azərbaycan barədə nə deyə bilərsiz?

– Biz Azərbaycan xalqını necə seviriksə, onlar da bizi elə sevirlər. Bunu həmin ölkənin hər metrində hiss etmək mümkündür. Futbola gəldikdə, əsası orada uğurlu olmaqdır. Azərbaycan futboluna töhfə versəm, çox xoşbəxt olaram. Türkiyədə də fəlsəfəmiz bu idi. Buradakı çalışma sistemimiz necədirsə, Azərbaycanda da eyni olacaq. Uğur qazanmaq istəyirik.

– Azərbaycana uyğunlaşmaq çətin deyil ki?

– Orada hər şey Türkiyə ilə eynidir. Dilimiz, dinimiz də birdir. Yeməklərimiz də oxşayır. Azərbaycanda özümü Türkiyədəki kimi hiss edirəm. Orada məqsədim ölkəmizi ən yaxşı şəkildə təmsil etməkdir. Bu, öhdəliyimdir.

– Komanda ilə hazırlığa nə vaxt başladız?

– Rəsmi olaraq yanvarın 5-dən məşqlərə çıxdıq. İndi isə Antalyada, Larada təlim-məşq toplanışındayıq.

– Türkiyədə uzun müddət işsiz qaldız. Təklif isə Azərbaycandan gəldi. Türk futboluna qarşı incikliyiniz var?

– Mən Türkiyədə kimdənsə inciməmişəm. Azərbaycanda da uğur qazanmaq üçün əlimdən gələni edəcəm.

– “Xəzər Lənkəran”ı çalışdıran Mustafa Dənizli ilə görüşmüsüzmü?

– Təəssüf ki, bu hələ mümkün olmayıb. Mən Azərbaycana gedəndə o Türkiyəyə qayıtmışdı. Çox yorğun halda çalışıram. Başımı qaşımağa belə vaxt tapa bilmirəm.

– Mustafa Dənizlinin komandası ilə birgə siz də Azərbaycan kubokunda mübarizəni davam etdirirsiz. Klublarınızdan final gözləyəkmi?

– Biz 1/4 finaldayıq. Azərbaycan kubokunu qazanmaq istəyirik. Premyer Liqada çox yaxşı vəziyyətdə deyilik. Ancaq Dənizlinin çalışdırdığı “Xəzər Lənkəran”la finalda üz-üzə gələ bilərik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43