26 Dekabr 2024
Ölkə futbolu

Mustafa Dənizli təkzib etdi: “Xeyr, belə bir təklif yoxdur” – MÜSAHİBƏ

“Xəzər Lənkəran” futbol klubunun baş məşqçi postuna namizəd Mustafa Dənizlinin müsahibəsi

– Sizi yeni təyinatınız münasibətilə təbrik etmək olar?


– Hazırda Türkiyədəyəm. Bu gün və ya sabah Azərbaycanda olacağam. Hər şey xeyirli olarsa, təbrik edə bilərsiniz.

– Klub rəhbərliyindən kiminlə görüşmüsünüz?

– 3-4 gün öncə “Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimovla görüşdüm. Ümumi danışdıq. Bir fürsət olarsa, Türkiyə və Azərbaycan futbolu arasında əlaqələrin daha da inkişafında missiyaçı da ola bilərik. Türkiyə futbolunun təcrübəsinin köməyi olarsa, bu işi də yerinə yetirə bilərəm.

– Heç ölkəmizdə olmusunuz?

– İllər öncə gəlmişdim. Amma bu səfər şəxsi işlərimlə bağlı idi.

– Klubun hazırkı durumundan məlumatlısınız?

– Bəli. Bilirəm ki, klubun prezidenti Mübariz Mənsimovun qardaşı Mais bəydir. Komanda bu mövsüm elə də yaxşı vəziyyətdə deyil, hazırda 10 komanda arasında 8-cidir. Amma görəv alsaq, çalışacağıq ki, “Xəzər Lənkəran”ı bu durumdan çıxaraq.

– Bəs “Xəzər Lənkəran”ın bölgə komandası olması sizə çətinliklər yaratmayacaq?

– Bunlar önəmli deyil. Mənim üçün komandanın bazası, şəraiti daha vacibdir.

– Türkiyə və Azərbaycan futbolu arasındakı vasitəçilikdən danışdınız. Bəs Azərbaycan milli komandasından təklif almamısınız?

– Xeyr, belə bir təklif yoxdur. Bununla əlaqədar bir şey deyə bilmərəm.

– “Xəzər Lənkəran”ın baş məşqçi postuna təyinatınızın rəsmiləşməsi nə zaman mümkün ola bilər?
– Hazırda işlər müsbətə doğru gedir. İlkin anlaşma var. Amma müqavilə bağlamamış danışmaq doğru olmaz. Üzr istəyirəm, hazırda İstanbulda səhər erkəndir, yollar tıxacdır. Üstəlik, sükan arxasında telefonla danışmağa da icazə yoxdur.  

– Yolunuz hava limanınadır?

– Xeyr, hazırda qızımı işə aparıram. Amma yaxın günlərdə yolum hava limanına doğru da olacaq (gülür).

lent.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43