Ölkə futbolu

“Nə mümkünsə etmək lazımdı ki, “Futbol+” yaşasın” – Mahir Rüstəmli

Bu gün “Futbol+” qəzetinin redaktoru Mahir Rüstəmli mətbuat konfransı keçirib.

Tədbir Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 31 yanvar tarixli qərarına həsr olunub. Mahir Rüstəmli bildirib ki, KİVDF yanvarın 31-də müsabiqə qaydalarında dəyişiklik edib: “Yeni şərtlər qəbuledilən və anlaşılandır. Ancaq təəssüf ki, müsabiqəyə yalnız ictimai-siyası qəzetlər buraxılacaq. Bu da gündəlik idman nəşri kimi fəaliyyətimizi birbaşa əngəlləyən səbəbdir. KİVDF-nın ayırdığı pul qəzetin ümumi büdcəsinin 40 fazini təşkil edir. Maliyyə yardımı ayrılmasa hazırkı şərtlərdə fəaliyyətimizi davam etdirməyimiz mümkünsüzdür”.

M.Rüstəmli satış və reklam bazarının zəif olmasının da qəzetin iqtisadi duruma ciddi təsir etdiyini söyləyib: “Satdığımız qəzetlərin də pulunu ala bilmirik. Hazırda fevralın 27-di, ancaq hələ yanvar ayının pullarını heç bir firmadan ala bilməmişik. Bu formada qəzetin fəaliyyətini ayaqda saxlamaq demək olar ki, mümkünsüzdür. Ona görə də istəyirəm ki, ictimaiyyət bu məsələyə diqqət ayırsın və bizə dəstək versin. Məsələylə bağlı ölkə başçısına da müraciət etmişik. Nə mümkünsə etmək lazımdır ki, “Futbol+” yaşasın”.

M.Rüstəmli hazırda qəzetin heç bir sponsor dəstəyinin olmadığını da deyib: “Ötən il oktyabrın 1-dən qəzetimizin heç bir sponsor dəstəyi yoxdur. Yalnız baş redaktor və kollektivin fədakarlığı, dostların köməyi və bəzi klub reklamlarını qeyd edə bilərəm. Bütün bunlar üst-üstə gəlir və qəzeti birtəhər ayaqda saxlayırıq. Əgər KİVDF maliyyəni dayandırsa, əlbəttə ixtisarlar olacaq. Həm qəzetin dövriyyəsində, həm də işçi sayında”.

O həmçinin deyib ki, müayyən oxucular zəng vuraraq qəzetin durumu ilə maraqlanırlar: “Kimisi ianə fondu yaratmağı təklif edir, kimisi fərdi qaydada köməyini təklif edir. Lakin 200, 300, 500 oxucu müntəzəm şəkildə bu yükü qaldırmaq iqtidarında deyil”. (Qol.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43